2013-cü il iyulun 4-də Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan Kannda” layihəsi çərçivəsində Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günlərinə start verilib. Bu məqsədlə Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat banerləri və lövhələri ilə bəzədilib.
“Qız qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı
İyulun 4-də Kannın La Kruazet bulvarında “Qız Qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədi ilə 2010-cu ildən etibarən “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir.
“Qız Qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər.
İlk dəfə olaraq Azərbaycandan kənarda keçirilən sərgi-festivalın diqqət çəkən məqamlarından biri də Qız Qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunmasıdır.
Festival çərçivəsində Heydər Əliyev Fondunun Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı layihəsi də təqdim olunub. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib.
Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.
Kannda “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı
İyulun 4-də Kannın Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.
Festivallar sarayının sərgi salonunda təşkil edilən sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub.
Sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər.
Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı
İyulun 4-də hər il Kann şəhərində keçirilən Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir.
“Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edilib. Atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb, Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
İyulun 4-də Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.
Azərbaycana həsr olunmuş foto sərginin açılışı və caz konserti
İyulun 5-də Kannda Azərbaycana həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti olub.
Klassik musiqi gecəsi
İyulun 6-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.
Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar.
Sonra Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.
Konsertdən sonra təqdim olunan “Milli mətbəx günü”ndə qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
“Arşın mal alan” filminin təqdimatı
İyulun 7-də Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmi nümayiş etdirilib.
Film Kann tamaşaçılarına fransız dilində alt yazısı ilə çatdırılıb.
Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti
İyulun 7-də Kannın Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
Kannda dörd gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.