2018-ci il sentyabrın 18-26-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı iləÜzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçirilib.
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın açılış mərasimi olub. Festivalın açılışı SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib. Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.
Festival günlərində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçirilib.
Musiqi festivalına sentyabrın 26-da yekun vurulub. Bağlanış mərasimində Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış ediblər.