2011-ci il iyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisinin açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura açılış mərasimində iştirak ediblər.
Sərginin keçirilməsi təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bütün diplomatik qurumlara və xarici iş adamlarına müraciəti əsasında müsabiqəyə 30-dək ölkənin vətəndaşları tərəfindən çəkilən 600-dən çox fotoşəkil təqdim edilmişdir.
Sərgidə 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilib. Fotolar təbiət mənzərələri, sadə insanların həyatını əks etdirən səhnələr və portretlərdən ibarət olmaqla Azərbaycanın rəngarəng və qədim mədəniyyətini, zəngin memarlıq ənənələrini və son illərin sosial-iqtisadi inkişafını tərənnüm edirdi.
Sərginin maraqlı cəhəti ondan ibarət idi ki, burada yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər nümayişə çıxarılmışdır.