2013-cü il iyulun 4-də hər il Kann şəhərində keçirilən Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir.
“Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edilib. Atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb, Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.