2016-cı il dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilib. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir.
Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Belarus, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunub.
Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilib. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlar olub.