2017-ci il 13 iyul-1 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilib.
Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi olub.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Sərgidə Toğrul Nərimanbəyovun 30-dan çox əsəri təqdim edilib.
Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallar təqdim olunub. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilər Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri ilə tanış olublar.
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabının təqdimatı olub. Bu kitabda rəssamın Azərbaycanda və xarici müzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.
“Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi avqustun 1-dək davam edib.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim olunub.
Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.