2022-ci il mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib.
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başlayıb. Konsertdə Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev, Səbinə Ərəbli, Xalq artisti Polad Bülbüloğlu, Türkiyənin Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı, Malinin Şeyx Tidiane Sek etnocaz qrupu, Melitassi Gürcü Folklor Rəqs Ansamblı, Tunisin “Yuma” dueti və Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı çıxış ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.