2011-ci il sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Almaniyanın Tarix Muzeyində təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Almaniyanın birinci xanımı Bettina Vulf iştirak ediblər.
Tədbir çərçivəsində “Azərbaycan” nəşrinin alman versiyasının təqdimatı keçirilib, Azərbaycan xalçaçılıq məktəbinin, xalq sənətkarlığının nümunələri, musiqi alətləri sərgilənib. Sərgidə, həmçinin, Heydər Əliyev Fondunun Azərbaycanla bağlı müxtəlif mövzulara həsr edilən kitab, buklet və digər nəşrləri də nümayiş olunub.
Mərasimdə Azərbaycan incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış ediblər.
Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycana aid müxtəlif nəşrləri hədiyyə olunub.