04_LONDON_AZARBAYCAN_XALCHALRI_SARGISI.jpg
15 noyabr 2010

Londonda “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” sərgisi açılıb

Noyabrın 15-də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” adlı sərgisi açılmışdır.


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak etmişdir.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını bildirmiş, Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənəti haqqında danışmışdır.

 

Sərginin keçirilməsini yüksək dəyərləndirən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer son illərdə Azərbaycanda güclü inkişafın müşahidə olunduğunu demişdir.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək sərginin min bir gözəllik diyarı olan Azərbaycanın qədim və heyratamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğulamışdır.

 

Leyla Əliyeva xalqımızın xalçaçılıq sənətinin tarixindən söz açmış, Azərbaycanın əfsanəvi İpək Yolu üzərində yerləşdiyini, bu yolun isə təkcə ticarət yolu deyil, eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz olduğunu vurğulamışdır.

 

Leyla xanım Əliyeva ümüdvar olduğunu bildirmişdir ki, sərgi Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacqdır.

 

Böyük Britaniyanın mədəniyyət naziri Ed Vaizey Azərbaycan ilə İngiltərə arasında mədəni əlaqələrdən danışmış, sərginin ölkələrimizin münasibətlərinin daha da güclənməsinə xidmət etdiyini demişdir.

 

Sərgi çərçivəsində “Azərbaycan” nəşrinin ingilis dilində versiyasının təqdimatı olmuşdur. Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, bölgələri haqqında kifayət qədər dolğun təəssürat yaradır.

 

Sonra tədbir iştirakçıları Azərbaycan xalçalarından ibarət sərgiyə baxmışlar. Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdu. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdıməşdır.

 

Sərgidə səslənən Azərbaycan musiqisi də maraqla qarşılanmışdır. Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihəsi olan muğam televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın və musiqiçi dostlarının ifaları hamını muğamın sehrli aləminə salmışdır.

 

Sərgi noyabrın 21-dək davam edəcəkdir. 


FOTO