29 fevral 2008

Azərbaycanın Moskvadakı səfirliyində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın RF-dəki səfirliyində Böyük Vətən müharibəsi veteranları ilə qeyri-rəsmi dostluq görüşü keçirilmişdir.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla Əliyeva, Rusiya Prezidenti yanında İctimai Palatanın üzvü Mariya Bolşakova, Rusiya Sülh Fondu İdarə heyəti sədrinin birinci müavini, Fondun Moskva vilayəti təşkilatının sədri Antonina Baqayeva, mərhum marşal M.Katukovun xanımı Yekaterina Katukova, İstra şəhəri hökumətinin nümayəndəsi Aleksandr Çurilov, tanınmış yazıçı Rudolf İvanov, Moskva vilayəti Qadınları İttifaqının nümayəndələri, Böyük Vətən müharibəsinin azərbaycanlı və rusiyalı veteranları iştirak etmişlər.

 

Veteranlar səmimi dostluq şəraitində keçən tədbirdə qeyri-rəsmi görüşün təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, belə əlaqələr xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Öz xatirələrini bölüşən veteranlar azərbaycanlıların rəşadətini və qəhrəmanlığını, faşizm üzərində Qələbədə bütövlükdə ölkəmizin rolunu xüsusi vurğuladılar. Çıxış edənlər birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirdilər, bir sıra əməkdaşlıq və müştərək tədbirlər keçirmək təşəbbüsləri irəli sürdülər. Məsələn, Azərbaycanın paytaxtına Döyüş Şöhrəti Şəhəri adının verilməsi, Moskva torpağında həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək təklif edildi. Rusiya Sülh Fondunun Moskva vilayəti təşkilatının sədri Antonina Baqayeva bildirdi ki, onun təşkilatı azərbaycanlı uşaqlar üçün kitablar toplamış və xoşməramlı niyyətlə azərbaycanlı uşaqlara göndərəcəkdir. O xatırlatdı ki, ötən il Fond azərbaycanlı uşaqları Moskva vilayətindəki yay düşərgəsinə dəvət etmişdir və bu il də dəvət edəcəkdir.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz növbəsində bu görüşün müharibə veteranlarına hörmət və etimad əlaməti olaraq təşkil edildiyini qeyd edərək vurğuladı ki, faşizmlə ölüm-dirim savaşında Qələbə ümumi qələbəmizdir və belə görüşlər xalqlarımızı daha da yaxınlaşdırır.

 

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla Əliyeva qonaqları səmimiyyətlə salamlayaraq, Fondun və onun nümayəndəliyinin müxtəlif ölkələrdəki humanitar fəaliyyətindən danışdı. O qeyd etdi ki, böyük işlər görülməsinə baxmayaraq, Fondun yaxın gələcək üçün çoxlu planı və layihəsi vardır.

 

Qonaqlara Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından xatirə hədiyyələri təqdim olundu.