16 noyabr 2007

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvadakı 544 nömrəli orta məktəbdə olub

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində aksiyalar həyata keçirməkdə davam edir. Moskvada azərbaycanlı uşaqların da təhsil aldığı ümumtəhsil məktəbləri ilə Fondun əməkdaşlığı fəallaşır.

 

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva noyabrın 16-da Moskvadakı 544 nömrəli orta məktəbə getmiş, orada təhsil prosesi ilə tanış olmuş, məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşmüşdür. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, ölkəmizdə ümumtəhsil sisteminin inkişaf etdirilməsi sahəsindəki planlar, Azərbaycanda və xarici ölkələrdə soydaşlarımızın da təhsil aldığı orta məktəblərin hərtərəfli dəstəklənməsinə yönəlmiş iş barədə məlumat vermişdir. Leyla Əliyeva demişdir ki, Fond millətin təhsilinə böyük əhəmiyyət verir. Son illərdə təkcə “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanda 200-dən çox müasir tipli ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu proses davam edir. Kitabxanalara əlavə ədəbiyyat verilməsi, təlimin keyfiyyətinə təsir göstərən problemlərin həllinə kömək məsələləri də Fondun diqqət mərkəzindədir. Leyla Əliyeva bu fikirlərin təsdiqi kimi, Heydər Əliyev Fondunun dəstəyi sayəsində nəşr edilmiş Azərbaycan ədəbiyyatı nümunələrini, o cümlədən M.Gəncəvinin, Mirzə Şəfi Vazehin, Səməd Vurğunun, Mir Cəlalın əsərlərinin xeyli nüsxəsini 544 nömrəli məktəbə hədiyyə etmişdir.

 

Məktəbin rəhbərliyi və şagirdləri, o cümlədən burada təhsil alan 24 azərbaycanlı şagird Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bu məktəbə diqqətinə görə, Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini daha yaxşı öyrənməyə və başa düşməyə kömək edəcək nəşrlərə - Azərbaycan ədəbiyyatının gözəl nümunələrinin məktəbə hədiyyə edilməsinə görə Leyla Əliyevaya səmimi təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.