12 dekabr 2007

Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevi anma gecəsi keçirilmişdir.

 

Rusiya Federasiyası Prezidentinin İcra Aparatının, Rusiya hökumətinin nümayəndələri, Rusiya parlamentinin üzvləri, RF XİN-in əməkdaşları, elm, mədəniyyət və səhiyyə xadimləri, MDB ölkələrinin və Türkiyənin səfirləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri görkəmli siyasi xadimin, müstəqil Azərbaycanın memarının xatirəsini yad etməyə gəlmişdilər.

 

Anım gecəsi Heydər Əliyev haqqında sənədli filmin nümayiş etdirilməsi ilə başlandı.

 

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq görkəmli siyasi xadim, bütün həyatını müstəqil Azərbaycan dövlətinin təşəkkülünə həsr etmiş dünyamiqyaslı siyasi xadimin həyat və fəaliyyəti barədə məlumat vermişdir. O, Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycanın bütün müasir tarixini əhatə edən əsas məqamları üzərində dayanmışdır. P.Bülbüloğlu Azərbaycan dövlətçiliyinin təşəkkülündə ümummilli liderin rolunu vurğulayaraq demişdir ki, ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyev özünün böyük nüfuzu və fitri siyasi istedadı sayəsində ölkənin parçalanmasının qarşısını almağa, gələcək nəsillər üçün zəmin yaratmağa və öz xalqının həqiqi liderinə çevrilməyə müvəffəq olmuşdur. Səfir hazırda dinamik şəkildə inkişaf edən Rusiya-Azərbaycan dostluq əlaqələrinin qorunub saxlanmasında və möhkəmlənməsində ümummilli liderin rolunu vurğulamış və bildirmişdir ki, bu fəaliyyət xətti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Sonra çıxış edən RF Federal Məclisi Federasiya Şurasının üzvü Aleksandr Dzasoxov, Federasiya Şurasının sədr müavini Svetlana Orlova, MDB-nin və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, RF Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov və başqaları görkəmli siyasi xadim və gözəl insan haqqında xatirələrini bölüşmüşlər. Onlar vurğulamışlar ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, həm də Rusiya xalqının sərvətidir.

 

Gecədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Prezidentinin köməkçisi Cahan Pollıyeva, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, yazıçı Rudolf İvanov və başqaları iştirak etmişlər.

 


Paylaş: