16 fevral 2010

Londonda “Bakıya sevgi ilə” sərgisinin açılışı

Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilib. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyevanın təşəbbüsü, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutub.


Leyla Əliyeva tədbirdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, icazə verin, sizi “Bakıya sevgi ilə” adlanan sərgidə salamlayım və “Xoş gəlmisiniz” deyim. Vaxt tapıb gəldiyinizə görə sizə təşəkkür edirəm. İki il öncə Moskvada “Baku” jurnalını təsis etdik. Məqsədimiz əziz oxucularımıza gözəl paytaxtımız haqqında daha çox məlumat vermək, Bakının ab-havasını çatdırmaq, onlarda Bakıya məhəbbət yaratmaq və Azərbaycan paytaxtının sirli tərəflərini onlara sevdirmək idi. Biz jurnalımızın səhifələrində mədəniyyətimizi, adət-ənənələrimizi təqdim edirik. Biz təkcə Azərbaycan tarixinə nəzər salmırıq, həmçinin onu XXI əsrin ölkəsi kimi təqdim edirik. Uzun əsrlər boyu Azərbaycanın paytaxtı Bakıya müxtəlif adlar verilib: “Küləklər şəhəri”, “Odlar diyarı”, “Xəzərin mirvarisi”. Bakının bir neçə siması var: qədim və müasir - onun geniş prospektlərindən tutmuş dar orta əsr dalanlarınadək, orta əsrlərə aid Qız qalasından başlayaraq ən müasir şəhər mənzərələrinədək. Bakı dünyanın iri şəhərləri kimi qaynayır, amma qədim sərvətə sahib Qobustanın timsalında o, həm də sirlidir.


Mən saatlarla Bakı haqqında danışa bilərəm. Amma bunun əvəzində, icazə verin, sizi bizim şəhəri öz gözlərinizlə görməyə, çox istedadlı fotoqraf Georgi Pinxasovun gözəl əsərlərinə baxmağa dəvət edim. Gördüyünüz kimi, bu fotolar yüksək incəsənət nümunələridir və bizim üçün onun fotolarını London kimi gözəl bir şəhərdə təqdim etmək çox xoşdur. O şəhər də ki, mən ömrümün bir neçə xoş ilini burada keçirmişəm.


Əziz dostlar, bir daha hamınıza bu axşam bura toplaşdığınıza görə təşəkkür edirəm. Ümidvaram ki, bu gecədən zövq alacaqsınız və sizinlə bir gün Bakıda görüşmək çox xoş olardı. 


Çox sağ olun.


Xəbərə keçid