10 fevral 2013
Londonda “YARAT!” Müasir İncəsənət Məkanının sərgisi
Fevralın
10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac
evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir
incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib.
Mərasimdə
Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai
xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar
iştirak ediblər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib.
Leyla Əliyevanın çıxışı:
- Hörmətli qonaqlar!
Əziz dostlar!
İlk növbədə, Londonda və “Christie`s”də qonaqpərvərliyə
görə təşəkkürümü bildirmək istəyirəm.
“Bakıya uçuş” sərgisi ilk dəfə Londonda təşkil
olunmuş, sonra Parisdə, Berlində və bu həftə Moskvada nümayiş etdirilmişdir.
Bu, çox böyük nailiyyət idi və bu sərgini Romada keçirməyi planlaşdırırıq. Sərgi
videomateriallar, rəngkarlıq nümunələri, rəsm əsərləri, heykəltəraşlıq və foto
nümunələrini özündə birləşdirir. Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin
daha yaxşı öyrənilməsinə töhfəsini verəcəkdir.
Sərgidə iştirak edən rəssamların çoxu, eyni zamanda,
fəal təşkilatlarda da təmsil olunurlar. Həmin təşkilatlardan biri bu gün burada
sərgisinə toplaşdığımız “YARAT!” Müasir İncəsənət Məkanıdır. Mən şəxsən bundan
böyük qürur hissi keçirirəm və çox şadam ki, təşkilatın şöhrəti hər gün daha da
artır. Təşkilat Azərbaycan rəssamlarını dəstəkləyir və onların tanınmasında,
milli incəsənətimizi beynəlxalq səviyyədə təbliğində çox böyük işlər görmüşdür.
Mənim də sənətə böyük həvəsim vardır. Rəsm çəkməyi və
incəsənət ilə maraqlanmağı çox sevirəm. Mən Londona gələndə Milli Qalereyanı
ziyarət edirəm və bu, mənim ən çox sevdiyim məkanlardan biridir. London dünya
incəsənətinin önəmli mərkəzlərindən sayılır. Çox şadam ki, biz bir çox layihələrimizə
məhz bu şəhərdə başlamışıq. Məsələn, bir il bundan əvvəl beynəlxalq “Baku”
jurnalının nəşrinə başladıq. Həmin jurnalda bir çox səhifələrimizi fərqli incəsənət
layihələrinə, qarşıdan gələn incəsənət hadisələrinə həsr etmişdik. Biz dünyada
məşhur olan rəssamlara, o cümlədən Corc Condoya, Tahir Salahova jurnalımızın səhifələrində
geniş yer vermişik. İndiyədək jurnalımızın 6 nömrəsi çapdan çıxıb və ümid edirəm
ki, bizim jurnal Azərbaycan incəsənətinin və ümumiyyətlə, ölkəmizin daha yaxşı
öyrənilməsinə böyük töhfələr verəcəkdir.
Azərbaycan Qərb ilə Şərqin, qədimlik ilə müasirliyin
qovuşduğu bir ölkədir. Azərbaycan mədəniyyətlərin, ənənələrin və dinlərin
qovuşduğu nadir məkandır və bu, öz möcüzəsini yaradır. Biz bu gün incəsənət və
yaradıcılığı qeyd etmək üçün buradayıq. Mən Lord Linliyə və “Christie`s”ə təşəkkür
etmək istəyirəm ki, bu əlamətdar hadisəyə ev sahibliyi edirlər. Əminəm ki, bu əməkdaşlığın
əhəmiyyəti böyükdür və o, daha da inkişaf edəcəkdir. Bilirəm ki, burada iştirak
edənlərin çoxu Azərbaycanda olmuşlar. Ümid edirəm ki, ölkəmizi ziyarət etməkdən
məmnun qalmısınız. Amma mən fürsətdən istifadə edib, hər birinizi Azərbaycanı təkrar
ziyarət etməyə dəvət edirəm.
Çox sağ olun, hamınıza xoş gecə keçirməyi
arzulayıram.