Aprelin 4-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Reno Donnedyö de Vabr ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfərindən sonra ölkələrimiz arasında təkcə siyasi-iqtisadi deyil, həm də mədəni əlaqələrin daha intensiv xarakter aldığı vurğulanmışdır.
Azərbaycanın birinci xanımını yenidən Parisdə görməyindən məmnunluğunu bildirən nazir Fransa-Azərbaycan mədəni əlaqələrinin tarixini xatırladaraq bildirmişdir ki, bu ənənə indi də davam edir. Fransa qarşılıqlı mədəni əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsini istəyir.
Mədəni əlaqələrin genişlənməsi sahəsində Mehriban xanım Əliyevanın çox önəmli xidmətlərindən xəbərdar olduğunu bildirən nazir ölkəmizin birinci xanımının Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Görüşdən məmnun qaldığını söyləyən Mehriban xanım Əliyeva demişdir ki, 2007-ci il Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri ilə başlanmışdır və inanıram ki, bu il ölkələrimizin ikitərəfli əlaqələrində çox önəmli il olacaqdır.
Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyanın bir çox ölkələri və təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq edir. Fond Fransada da mədəni tədbirlərin keçirilməsi, Azərbaycanın tanıdılması üçün konkret layihələrin reallaşdırılmasında maraqlıdır. Mehriban xanım Əliyeva bu baxımdan ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini təklif etmişdir.
Təklifi məmnuniyyətlə qarşılayan nazir bununla əlaqədar yaxın vaxtlarda hər iki ölkənin müvafiq səfirliklərinə hazırlıq işlərinin görülməsinə dair təlimat veriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, mədəniyyət sahəsində sərgilərin keçirilməsinin də vacibliyini vurğulamışdır.
Mehriban xanım Əliyeva nazir Reno Donnedyö de Vabrı Azərbaycana səfərə dəvət etmişdir. Dəvət böyük razılıqla qəbul olunmuşdur.