Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb.
Qonağı Bakıda görməkdən məmnun olduğunu söyləyən Mehriban Əliyeva Azərbaycan ilə Pakistan arasındakı sıx dostluq münasibətlərinin səviyyəsindən razılıq ifadə etdi, ölkələrimizin bütün sahələrdə əməkdaşlıq etməklə yanaşı, həm dövlət, həm parlament, həm də qeyri-dövlət təşkilatları səviyyəsində gözəl əlaqələr qurduğunu vurğuladı: “Bu əlaqələr xalqlarımızın da dost olmasına gətirib çıxarıb. Ölkələrimiz bütün beynəlxalq qurumlarda bir-birinin mövqeyini daim dəstəkləyirlər”.
Mehriban Əliyeva qonağa Heydər Əliyev Fondu barədə də məlumat verərək bildirdi ki, artıq 9 ildir fəaliyyət göstərən Fond nəinki Azərbaycanda, həm də xarici ölkələrdə humanitar, təhsil, mədəniyyət, səhiyyə, qadınların cəmiyyətə inteqrasiyasının asanlaşdırılması istiqamətində layihələr həyata keçirir. Belə layihələrin bir neçəsi məhz Pakistanın müxtəlif şəhərlərində reallaşdırılıb. Fondun təşəbbüsü ilə ölkənin Müzəffərabad şəhərində qızlar üçün məktəb inşa olunub, Peşəvar şəhərindəki göz xəstəxanasının tikintisinə maliyyə yardımı göstərilib, müxtəlif adda tibbi və xeyriyyə aksiyaları həyata keçirilib. Mehriban Əliyeva belə tədbirlərin davam etdirilməsinin iki ölkə arasında əməkdaşlığa töhfə verdiyinə əminliyini bildirdi.
Rubina Saadat Qaimxani Heydər Əliyev Fondunun gördüyü işlərdən məlumatlı olduğunu dedi. O, Pakistan xalqının göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban Əliyevaya minnətdar olduğunu söylədi.
Xanım Rubina Saadat Qaimxani Prezident Asif Əli Zərdarinin salamlarını və Pakistana dəvətini Mehriban Əliyevaya çatdırdı. Mehriban Əliyeva dəvəti məmnunluqla qəbul etdi.
Sonra Mehriban Əliyevaya 2012-ci ilin “Humanizm rəmzi – Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə” qadın mükafatı təqdim edildi.
Sonda xatirə şəkli çəkdirildi.