27 may 2005

Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mayın 27-də İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının ( İSESCO) ölkəmizdə səfərdə olan baş direktoru doktor Əbdüləziz bin Osman Əl-Tuveycri ilə görüşmüşdür.


Fondun prezidenti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini örənib gələcək nəsillərə çatdırmaq məqsədi ilə yaradılmış Fondun ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafı, sosial və ekoloji problemlərin həlli ilə bağlı həyata keçirdiyi layihələr barədə qonağa məlumat verdi.

 

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində hazırda Fondun vəsaiti hesabına respublikanın ucqar dağ kəndlərində yerləşən 120 ümumtəhsil məktəbində, əlil, yetim, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 11 xüsusi internat məktəbində, qocalar evlərində əsaslı təmir-yenidənqurma işləri aparıldığını, 25 belə müəssisənin Fondun qəyyumluğu ilə fəaliyyət göstərdiyini, talassemiyalı xəstə uşaqların müalicəsi üçün kompleks tədbirlərin işlənib hazırlandığını, Şərq musiqisinin nadir incisi olan qədim muğamlarımızdan ibarət kompakt disklərin buraxıldığını, çox əhatəli "Azərbaycan portalı" layihəsi üzrə işlərin davam etdiyini bildirdi.

 

Aldığı geniş məlumatdan razı qaldığını, cəmi bir il əvvəl fəaliyyətə başlayan Fondun qısa müddətdə belə dəyərli işlər gördüyündən məmnunluğunu söyləyən doktor Əl-Tuveycri Mehriban xanımın mərhum anası professor Aida xanım İmanquliyevanın ərəb ölkələrində görkəmli şərqşünas kimi yaxşı tanındığını vurğuladı, bir sıra nüfuzlu ərəbşünasların da təklif və təşəbbüsü ilə alimin əsərlərinin ərəb dilinə tərcümə olunub nəşr ediləcəyini bildirdi.

 

Görüşdə Azərbaycanla, eləcə də Heydər Əliyev Fondu ilə İSESCO arasında bir sıra birgə layihələrin həyata keçirilməsi imkanları, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edildi, qarşılıqlı fikir mübadiləsi aparıldı.


Heydər Əliyev Fondunun prezidenti qonağa professor Aida İmanquliyevanın əsərlərini və Fondun xatirə hədiyyələrini təqdim etdi.

 

İSESCO-nun baş direktoru Mehriban xanımı Səudiyyə Ərəbistanının paytaxtında rəhbərlik etdiyi təşkilatın yeni iqamətgahının açılış mərasiminə dəvət etdi.

 

Doktor Əl-Tuveycri sonra Fondun muzeyi ilə tanış oldu, dahi şəxsiyyət Heydər Əliyevin Vətənə, xalqa həsr edilmiş şərəfli ömür yolunu əks etdirən ekspozisiyaya, onun haqqında yazılmış kitablara baxdı. Görüşdən razı qaldığını bildirən qonaq Fondun binasının klassik Şərq arxitekturasının ən yaxşı ənənələrini özündə birləşdirdiyini də vurğuladı.

 

Görüşdə təhsil naziri Misir Mərdanov və Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəfər iştirak etmişlər.