002.jpg
31 avqust 2005

Mehriban Əliyeva Türkiyənin Mərmərə Qrupunun nümayəndə heyəti ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva avqustun 31-də Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

 

Əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış olan qonaqlara Azərbaycan xalqının ümummilli liderinin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumatlar verildi.

 

Akkan Suver və nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

 

Cənab Akkan Suver Xatirə kitabına ürək sözlərini yazdı.

 

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə nümayəndə heyətinin üzvləri arasında görüş oldu. Mehriban xanım qonaqları salamlayaraq dedi ki, Azərbaycan ilə Tğrkiyə arasındakı sıx əməkdaşlıq indi demək olar ki, yeni bir mərhələyə qədəm qoyub və sürətlə inkişaf edir.

 

2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondunun vəzifələri, əsas məqsədləri haqqında ətraflı məlumat verən Mehriban xanım bildirdi ki, Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsinin, azərbaycançılıq ideyasının təbliği, gələcək nəsillərə çatdırılması, ölkəmizin sosial problemlərinin həlli ilə bağlı məsələlər Fondun daim diqqət mərkəzindədir. Fondun vəsaiti hesabına 26 uşaq evi və internat məktəbində əsaslı təmir və bərpa işləri aparılmış, uşaqlara vaxtaşırı yardımlar edilmiş, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün xüsusi proqramlar həyata keçirilir.

 

Fondun təhsil və mədəniyyət sahəsində çox böyük layihələri olduğunu vurğulayan Mehriban xanım "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ən ucqar rayon, qəsəbə və kəndlərdə yeni dərs ilinədək 132 məktəbin tikilib istifadəyə veriləcəyini, Azərbaycan muğamının dünyaya daha yaxından tanıdılması üçün buraxılan "Qarabağ xanəndələri" albomunun YUNESKO səviyyəsində də yüksək qiymətləndirildiyini bildirdi.

 

Mərmərə Qrupu Vəqfinin ölkələrimiz arasında əlaqələrin inkişafı sahəsində səmərəli işlər gördüyünü vurğulayan Mehriban xanım Əliyeva bu görüşün Heydər Əliyev Fondu ilə Vəqfin qarşılıqlı əlaqələrində mühüm rol oynayacağına inamını ifadə etdi.

 

Bakıda "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını, ümummilli liderimiz Heydər Əliyev ilə görüşlərini xatırladan cənab Akkan Suver Fondun çox maraqlı ekspozisiyası ilə tanışlıqdan məmnun olduğunu söylədi.

 

O, Heydər Əliyev Fondunun prezidenti və xoşməramlı səfir Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi, rəhbərlik etdiyi qurumun Fondla qarşılıqlı əlaqələrinin möhkəmlənəcəyinə əminliyini vurğuladı. Cənab Akkan Suver Fondun prezidenti Mehriban xanım Əliyevaya hədiyyələr təqdim etdi və onu yaxın aylarda Vəqfin təşkilatçılığı ilə Türkiyədə keçiriləcək konfransa dəvət etdi.

 

Dəvəti razılıqla qəbul edən Mehriban xanım Əliyeva qonaqlara və Mərmərə Qrupu Vəqfinə Fondun fəaliyyətindən bəhs edən kitab, "Qarabağ xanəndələri" albomu, üzərində Heydər Əliyevin əksi olan döş nişanları hədiyyə etdi.

 

Qonaqlar xatirə şəkli çəkdirdilər və Fonddan xoş təəssüratla ayrıldılar.


FOTO