0.jpg
16 sentyabr 2005

Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşüb

Sentyabrın 16-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür. 


YUNESKO-nun baş direktoru Mehriban xanımı hörmətlə qarşıladı, BMT-nin 60 illiyi ilə əlaqədar Nyu-Yorkda keçirilən tədbirə qatıldığı üçün akademik Yusif Məmmədəliyevin 100 illiyi ilə bağlı yubiley mərasimində iştirak edə bilməməsindən təəssüfləndiyini söylədi. Cənab Matsuura dedi ki, mənə verilən məlumata görə, yubiley tədbirləri yüksək səviyyədə keçmişdir. Baş direktor Azərbaycana son səfərini məmnunluqla xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Mehriban xanıma dərin minnətdarlığını bildirdi. Bakıdakı görüşlərin onda çox gözəl təəssürat yaratdığını söyləyən Koişiro Matsuura YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı.


Mehriban xanım Əliyeva səmimi və xoş sözlərə görə baş direktora təşəkkür etdi, akademik Yusif Məmmədəliyevin yubileyinin Parisdə qeyd olunmasından məmnunluğunu bildirdi. O, YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından razılıqla söhbət açaraq, qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini vurğuladı.


Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi edildi.


FOTO