004.JPG
27 dekabr 2012

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunmuşdur. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılmışdır.


Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.


112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulmuşdur. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunmuşdur.


Binada ayrıca həkim otağı fəaliyyət göstərir. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulmuşdur. Binada mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, müşahidə aparmaq üçün bütün otaqlarda video-kameralar quraşdırılmışdır. Həyət yaşıllaşdırılmış, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınmışdır. Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılmışdır.


Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.


FOTO

VİDEO