001.JPG
23 oktyabr 2018

Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Məlumat verilib ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilib. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilib və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilib.

 

Mehriban Əliyeva təhsil ocağında yaradılan şəraitlə tanış olub.

 

Qeyd edilib ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

 

Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur.

 

Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.

 

11 saylı xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzulayıb.


FOTO

VİDEO