1 fevral 2005

Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 1 nömrəli yardımçı internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 1-də Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş əqli cəhətdən qüsurlu uşaqlar üçün 1 nömrəli yardımçı internat məktəbə getmişdir. Burada hörmətli qonağa milli geyimli qızlar gül dəstəsi təqdim etdilər.


1990-cı ildə istifadəyə verilən, hazırda 140-a yaxın şagirdi, 19 tərbiyəçisi və 24 müəllim heyəti olan məktəbin direktoru Mübariz Qasımov Fondun prezidentinə məlumat verdi ki, ikimərtəbəli yataqxanada 138 uşaq yaşayır. Tədris korpusunda 14 sinif otağı vardır. Hazırda Avropa Birliyinin qrantı hesabına idman salonu tikilir. "Şevron" neft şirkəti məktəbin həyətində tərbiyə otağı inşa etmişdir.


Mehriban xanım Əliyeva yataqxana, istirahət, kompüter otaqları, yeməkxana və mətbəxlə tanış oldu, ət və digər ərzaq məhsullarının saxlandığı anbara baxdı, yeməyin keyfiyyəti ilə maraqlandı. Bildirildi ki, Azərbaycan Prezidentinin məlum Fərmanına əsasən, bu ilin martından xüsusi internat məktəblərə kompüterlər veriləcəkdir.


Sonra YUNESKO-nun xoşməramlı səfiri tədris korpusunu gəzdi, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Ömürlərdə yaşayan ömür" adlı fotogüşəyə, Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən "Vətən layiqli oğullarına əmanətdir" adlı stendə, məktəblilərin müxtəlif yarışlarda qazandığı nailiyyətləri əks etdirən "Bizə sülh bəxş edin - biz sizə həyat" guşəsinə baxdı, sinif otaqlarında ana dili və təbiətşünaslıq dərslərinin gedişini izlədi, tədris proqramı ilə maraqlandı. 4-cü sinif şagirdləri "Heydər baba" şeirini söylədilər, hörmətli qonağı da şeirlə salamladılar.


Mehriban xanım onlara təşəkkür etdi, əmək təlimi dərnəyində uşaqların məşğələsinə, habelə əl işlərinə baxdı.


Prezidentin xanımına xatirə hədiyyəsi təqdim olundu.


Paylaş: