22 oktyabr 2009

“Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans

Oktyabrın 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş “Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans işə başlayıb. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Azercell” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Birinci xanım Mehriban Əliyeva konfransda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


Əziz dostlar!


İlk növbədə konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ölkəmizə gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm.


Çox sevindirici haldır ki, son zamanlar paytaxtımız bir sıra beynəlxalq konfranslara, sammitlərə, görüşlərə ev sahibliyi edir. Belə görüşlərdə siyasi və ictimai xadimlər, alimlər, dövlət məmurları, qeyri-hökumət qurumlarının nümayəndələri bir araya gələrək, həm konkret problemlərin həllinə öz töhfəsini verir, həm də insanların bir-birini daha yaxından tanımasına, dialoq qurmasına güclü təkan verirlər.


Sirr deyil ki, müasir dünya bir sıra qlobal problemlərlə üzləşib, bir çox ciddi suallar bu gün öz cavabını axtarır. Sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, dünyanın müxtəlif hissələrində davam edən hərbi toqquşmalar və münaqişələr, texnogen faciələr, qlobal iqlim dəyişməsi, epidemiyalar və pandemiyalar - hamısı XXI əsrin reallıqlarıdır və dünya ictimaiyyətini narahat edən çağırışlardır. Bu problemlər sırasında uşaq taleyinə aid olan məsələlər aktuallığını itirmir, demək olar ki, öz vacibliyini saxlayır.


Fikrimcə uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və bu gün də ənənəvi olaraq davam edir.


Bu gün Azərbaycan qadını demək olar ki, ölkəmizin həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm özəl sektorda bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir.


Amma əfsuslar olsun, elə uşaqlar vardır ki, onlar valideyn himayəsindən məhrumdurlar, kimsəsizdirlər və dövlət müəssisələrində tərbiyə olunurlar. Bu uşaqların bir qismi həyatının ilk günündən, digərləri çox az yaşından arxasız, ana və ata məhəbbətindən məhrum böyüyür.


Taleyin belə ağır olmağında bu uşaqların heç bir günahı yoxdur və belə ağır taleyi dəyişdirməyə də heç bir imkanı yoxdur. Ona görə, məncə, bu uşaqların həyatı və gələcəyi bizim hamımızı narahat etməli, hamımızı düşündürməlidir.


Heydər Əliyev Fondu yarandığı ilk gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində tərbiyə olunan uşaqların taleyini diqqət mərkəzində saxlayır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində Fond tərəfindən 31 dövlət müəssisəsi əsaslı təmir edilib, bütün lazımi avadanlıqla təmin olunubdur. Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onların asudə vaxtını səmərəli quraq, onlara diqqət və məhəbbət göstərək.


Mən çox şadam ki, Fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik olan insanlar çalışır. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz.


Son illər belə müəssisələrdə uşaqların artması bizi çox narahat edir. Heydər Əliyev Fondu bu sahədə beynəlxalq təşkilatlarla, ilk növbədə, BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq qurub və bir sıra proqramlar həyata keçirir. Dövlət tərəfindən bu sahədə çox vacib addımlar həyata keçirilir və gələcəkdə görülən işlər planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı təsdiq edilmişdir. Bu il təsdiq olunmuş baş plana əsasən bir il ərzində 11 dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində isə 44 müəssisənin transformasiyası nəzərdə tutulur.


Amma mən bir də qeyd etmək istəyirəm ki, valideyn himayəsindən məhrum olmuş uşaqların taleyi, gələcəyi dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından asılıdır.


Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır. Gəlin onların problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq ki, məhz bu anda bizim qayğı və məhəbbətimizə ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar vardır.


Mən ümidvaram ki, bu sahədə olan məsələlərin müzakirəsi üçün, təcrübə və ideyaların mübadiləsi və problemlərin həlli yollarının axtarılması üçün bugünkü konfrans çox yaxşı fürsətdir. Bir daha konfransın bütün iştirakçılarına və təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm, konfransın işinə uğurlar, hər birinizə cansağlığı arzulayıram. Çox sağ olun.