3 aprel 2007

Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin yeddinci illik yığıncağı

Aprelin 3-də, Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin ənənəvi illik yığıncağı keçiriliи. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva yığıncaqda iştirak edib.


Mehriban Əliyeva yığıncaqda çıxış edib. 


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab baş direktor,


Hörmətli xoşməramlı səfirlər,


Xanımlar və cənablar!


İlk növbədə, mən YUNESKO-nun iqamətgahında illik ənənəvi yığıncaqda bütün həmkarları salamlamaq, bu tədbiri təşkil etdiyinə görə baş direktor cənab Koişiro Matsuuraya minnətdarlığımı bildirmək istəyirəm.


Eyni zamanda, Qətərdə keçirilmiş "Tərəfdaşlığın qurulması və yeni yanaşmaların tətbiqi" mövzusunda uğurlu regional konfrans münasibətilə cənab Koişiro Matsuuranı təbrik edirəm. "Hamı üçün təhsil" proqramı çərçivəsində yekun regional konfrans 2008-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bu fürsətdən istifadə edərək, mən sizi həmin konfransda iştirak etməyə dəvət edirəm. Əminəm ki, Bakı konfransı "Hamı üçün təhsil" proqramının həyata keçirilməsinə doğru atılmış əlavə uğurlu addım olacaqdır.


Ötən ilin yaddaqalan tədbirlərindən biri "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının birinci iclası oldu. Məmnunluqla sizə məlumat vermək istəyirəm ki, Azərbaycan həmin Konvensiyanı bu ilin martında ratifikasiya etmişdir. Qeyri-maddi mədəni irs mədəniyyətin ifadə olunmasının ən qədim formalarından biridir. Təbii ki, qeyri-maddi mədəni irsin saxlanılması və qorunması qarşımızda duran əsas məsələlərdəndir.


Ötən il Heydər Əliyev Fondunun fəaliyyətində çox məhsuldar il olmuşdur. Bu günə qədər bir sıra layihələr artıq başa çatdırılmışdır. Onlardan biri, məsələn, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla həyata keçirilir. Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə və ətraf mühitin qorunması sahələrində öz işini davam etdirmişdir.


Mən bir neçə layihə haqqında əlavə məlumat vermək istəyirəm.


Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO "Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq" adlı ilk beynəlxalq konfrans təşkil etmişdir. Tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma Ümumdünya Yaddaş qeydiyyatına salınmışdır. Həmin Qeydiyyatda ümumən 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Konfransın işində bir çox ölkələrin tanınmış alimləri iştirak etmişdir və Fondumuz həmin mühüm proqrama dəstəyini davam etdirəcəkdir.


Heydər Əliyev Fondu memarlıq abidələrinin bərpasında fəal surətdə iştirak edir. Ötən il ərzində biz Cavad xanın türbəsi, Pir Həsən, Mövsum Səlim və Həzrəti Zeynəb məscidləri kimi bir sıra tarixi və dini abidələri bərpa etmişik.


Biz həmçinin ölkəmizin hüdudlarından kənarda yerləşən ümumbəşər mədəni abidələrin bərpasında iştirak edirik.


Bildiyiniz kimi, Versal sarayı 1979-cu ildən etibarən Dünya İrsi siyahısına salınmışdır. Sarayın parkında yerləşən bir neçə qədim abidə zamanın və iqlim şəraitinin təsiri nəticəsində zədələnmişdir. Təqribən 15 abidə təcili surətdə bərpa olunmalıdır. Fondumuz parkda iki abidənin bərpası məqsədi ilə 2006-cı ilin avqustun 10-da müqavilə imzalamışdır. Bərpa işləri 2007-ci il iyulun 15-də başa çatdırılacaqdır.


Ötən il ərzində Heydər Əliyev Fondu Azərbaycan muğamı kimi təkrarolunmaz fenomenə böyük dəstək vermişdir. Bu fürsətdən istifadə edərək, mən bir sıra muğam layihələrini dəstəklədiyinə görə YUNESKO-ya öz minnətdarlığımı bildirir, onların uğurla həyata keçirilməsi haqqında məlumat vermək istəyirəm.


Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Baş direktor cənab Koişiro Matsuura həmin Mərkəzin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Ümidvaram ki, o, 2008-ci ilin yayında Muğam Mərkəzinin açılış mərasimində də iştirak edəcəkdir.


Hazırda, Siz slaydda Mərkəzin çox müasir memarlıq üslubunda işlənilmiş layihəsini görürsünüz, lakin eyni zamanda, binanın özü bizim milli musiqi alətlərimizə bənzəyir.


Biz muğam gecələrini keçirməkdə davam edirik. İndi isə, siz həmin konsertlərdən şəkilləri seyr edirsiniz. Biz eyni zamanda, muğam haqqında orta əsrlər traktatlarını çap etmişik. Bu gün, biz sizə muğama həsr olunmuş jurnalı nümayiş etdiririk. Həmin jurnal bu istiqamətdə YUNESKO-nun dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərdən bəhs edir.


Yekunda mən Pakistanda qızlar məktəbinin tikintisi layihəsi haqqında bir neçə söz demək istəyirəm. Bu şəkillərdə siz dəhşətli zəlzələnin nəticələrini və ölən, yaralanan insanlar barədə məlumatı görürsünüz. Təkcə zədələnmiş məktəblərin sayı minlərlədir. Dağıntılar nəticəsində uşaqlar ya çöldə, yaxud da çadırlarda dərs keçməyə məcburdurlar. Lakin bu ağır şəraitə baxmayaraq, onlar təhsil almağı çox istəyirlər.


Məhz bu səbəbdən, Heydər Əliyev Fondu Pakistanda yeni məktəbin tikintisi layihəsinə başlamışdır. Siz burada yenə də viran qalmış məktəbin fotolarını seyr edirsiniz. Bir sözlə, yeni məktəb yüksək standartlara cavab verəcək və bütün lazımi avadanlıqla təchiz olunacaqdır. Məktəbin ümumi sahəsi 2000 kvadratmetr olacaqdır. 500-dən çox şagird müasir sinif otaqlarından, iki laboratoriyadan, kitabxana, salon və idman meydançasından istifadə edəcəkdir. Bu şəkillərdə biz həmin məktəbin gələcək görünüşünü görürük. Tikintinin müddəti 12 ay olacaq, 2008-ci ilin mart ayında məktəbi açmağı planlaşdırırıq.


Ümid edirəm ki, həmin layihə uşaqlara lazımi təhsil almaq imkanını yaradacaq və "Hamı üçün təhsil" proqramının həyata keçirilməsində növbəti uğurlu addım olacaqdır.


Yekun olaraq, mən məşhur musiqiçi, həmkarımız Mstislav Rostropoviçi 80 illiyi münasibətilə bütün xoşməramlı səfirlər adından təbrik etmək istəyirəm. Mstislav Rostropoviç Azərbaycanın ən yüksək mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur.


Əfsuslar ki, o, bugünkü görüşdə iştirak edə bilmir. Mən ona möhkəm cansağlığı və uzun ömür arzulayıram.


Diqqətinizə görə minnətdaram.


Mən Sizin hamınıza uğurlu və məhsuldar il arzulayıram.