3 oktyabr 2005

Bədii gimnastika üzrə 27-ci dünya çempionatının açılış mərasimi

Oktyabrın 3-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert kompleksində bədii gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa mərasimdə iştirak ediblər.


Mərasimi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva açdı.


Mehriban Əliyevanın çıxışı:


- Möhtərəm Azərbaycan Respublikasının Prezidenti!


Möhtərəm Latviya Respublikasının Prezidenti!


Hörmətli xanımlar və cənablar!


Əziz qonaqlar!


Bədii gimnastika üzrə 27-ci dünya çempionatının açılış mərasiminə xoş gəlmisiniz! Paytaxtımıza dünyanın 47 ölkəsindən gələn qonaqları Azərbaycan torpağında salamlayıram. Mən bu sözləri böyük fərəh və sevinc hissi ilə söyləyirəm və əminəm ki, Azərbaycanın hər bir vətəndaşı həmin hissləri keçirir.


Bizim idman tariximiz olduqca zəngindir. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizin səslənməsinə nail olublar. Biz bununla fəxr edirik.


Bu gün Azərbaycanın idman tarixində yeni səhifə açılır - ilk dəfədir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində olimpiya idman növü üzrə dünya çempionatı keçirilir. Bu şərəf başqa idman növlərinə də nəsib ola bilərdi. Ölkəmizdə son illər idmanın fantastik sürətlə inkişafı bunu deməyə əsas verir və mən inanıram ki, bu, gələcəkdə belə də olacaqdır. Lakin dünya miqyaslı belə bir hadisə ilk dəfə məhz bədii gimnastikada baş verir.


Bədii gimnastika təkcə idman növü deyildir. Bədii gimnastika gözəllik, zəriflik, yüksək sənət rəmzidir. Biz bu çempionatın keçirilməsini arzulayırdıq və arzumuz həyata keçdi.


Son 10 ildə ölkəmizdə inşa olunan hər yeni idman salonu, tikilən hər yeni stadion, olimpiya idman kompleksi bizi bu şərəfli günə yaxınlaşdırırdı. Mən bu gün çox böyük qürur hissi ilə deyirəm ki, belə bir çempionatın ölkəmizdə keçirilməsi Azərbaycan idmanına verilən yüksək qiymətdir.


Bədii gimnastika üzrə 27-ci dünya çempionatının ölkəmizdə keçirilməsi bir çox insanın əməyinin bəhrəsidir. Bu, ilk növbədə, Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinin qəbul etdiyi qərarın nəticəsidir. Bu, Azərbaycan Gimnastika Federasiyasının uğurlu fəaliyyətinin nəticəsidir. Çempionatın Təşkilat komitəsi üzvlərinin zəhmətidir. Mən bütün bu insanlara təşəkkürümü bildirirəm.


Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti kimi onun gördüyü işlər göz qabağındadır. Sözsüz ki, biz hamımız ona minnətdarıq. Gimnastika Federasiyasının rəhbəri və ölkə Prezidentinin xanımı kimi mən xüsusi vurğulamaq istəyirəm ki, onun qayğısı, yardımı, onun diqqəti olmasaydı, yəqin ki, belə bir çempionatın keçirilməsi yalnız arzu olaraq qalardı. Çox sağ olun, cənab Prezident!


İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir. Bir daha Sizi bu möhtəşəm bayram münasibətilə təbrik edirəm, Azərbaycana gəlmiş qonaqları salamlayıram, idmançılara qələbə sevinci arzulayıram. Sağ olun.