15 dekabr 2004

Kazanda qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarı

Dekabrın 15-də Tatarıstan paytaxtında qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarı başlayıb. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva seminarda iştirak edib.


Birinci xanım Mehriban Əliyeva seminarda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Xanımlar və cənablar!


Bu gün biz dünya mədəniyyəti xəzinəsinə layiqli töhfə vermiş xalqın qonağıyıq. Biz minillik tarixi olan bir şəhərə gəlmişik. Bu çoxəsrlik tarix və mədəniyyət Kazanın bənzərsiz simasında öz əksini tapmışdır. Kazan Kremli, haqlı olaraq, dünya irsinin ən gözəl obyektləri sırasına aid edilmişdir.


Tatar xalqı maddi mədəniyyət abidələri ilə yanaşı, onun ənənələrində bu gün də öz əksini tapan qeyri-maddi irsin zənginliyini də qoruyub saxlaya bilmişdir. Sabantuy xalq bayramı ənənələrə belə qayğıkeş münasibətə parlaq misaldır. Bu şəhərdə hər birimizin elə ilk dəqiqələrdən hiss etdiyimiz qonaqpərvərlik də nəsildən-nəslə ötürülən gözəl ənənədir.


İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə bu milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir. Qeyri-maddi irsin mühafizəsi haqqında Konvensiya da məhz bəşər mədəniyyətinin bu ən kövrək hissəsinin qorunub saxlanılmasına yönəldilmişdir. Ümidvaram ki, bizim bu görüşümüz təmsil etdiyimiz ölkələrin hər birində həmin Konvensiyanın ratifikasiyası prosesinin sürətlənməsinə layiqli töhfəsini verəcəkdir.


Azərbaycan xalqı dünya mədəniyyətinə olduqca böyük töhfə vermişdir. Təsadüfi deyil ki, YUNESKO Azərbaycan muğamını bütün bəşəriyyətin inciləri siyahısına daxil etmişdir. Bununla əlaqədar diqqətinizi ona yönəltmək istərdim ki, Azərbaycan muğamının vətəni olan Şuşa, ölkəmizin digər şəhər və rayonları, - ümumən, Azərbaycan ərazisinin 20 faizi, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın işğalı altındadır. Adətən, Qarabağ bülbülləri adlandırılan ən yaxşı muğam ifaçılarının doğulduqları və formalaşdıqları şəhərlər indi tamamilə dağıdılmış, yer üzündən silinmişdir. Azərbaycan xalqının qədim memarlıq və mədəniyyət abidələri məhv edilmişdir.


Bu gün dünyada digər münaqişə ocaqları da mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər dağıdılır. Onların çoxu həmişəlik itirilir. İcazə verin, bununla əlaqədar beynəlxalq təşkilatların və ümumən, dünya birliyinin münaqişə zonalarında olan mədəniyyət və tarix abidələrinin taleyinə daha ciddi diqqət yetirməsinin zəruriliyini vurğulayım. Şübhəsiz ki, bu münaqişələrin tezliklə həlli mədəni irsin dağılmasının qarşısını almağa kömək edərdi.


Əziz dostlar!


YUNESKO-nun xoşməramlı səfiri kimi burada olmağımdan son dərəcə məmnunam. Əminəm ki, bu, əməkdaşlığımızın yalnız başlanğıcıdır. Çox ümid edirəm ki, biz olduqca maraqlı regional layihələri həyata keçirə bilərik. Azərbaycanda artıq gerçəkləşdirilməyə başlanmış layihələr belə əməkdaşlıq üçün çıxış nöqtəsi ola bilər.


Çıxışımın sonunda belə mühüm seminarın bütün təşkilatçılarına təşəkkür etmək və hamımıza uğurlu, səmərəli iş arzulamaq istərdim.


Xalqlarımızın mənəvi irsinin qorunub saxlanılması və artırılması baxımından qarşımızda böyük vəzifələr durur. Əminəm ki, biz bu nəcib vəzifəni birgə yerinə yetirə bilərik.


Diqqətinizə görə sağ olun.