3 mart 2005

UNESCO-nun xoşməramlı səfirlərinin illik iclası

3 mart 2005-ci ildə Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik iclası keçirilib. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda iştirak edib.


Mehriban Əliyeva iclasda çıxış edib:


- Əvvəlcə, burada olmağımdan məmnunluq duyduğumu demək istəyirəm. Bildiyiniz kimi, ilk dəfədir ki, bu görüşdə iştirak edirəm və mən UNESCO ailəsi ilə - sizinlə birgə olmağımdan çox sevinirəm.


Bu gün 2004-cü ilin sentyabr ayından xoşməramlı səfir kimi mədəni irsin qorunmasına cəlb olunduğum bir sıra layihələr barədə qısa məlumat vermək istəyirəm.


Bizim layihəmiz milli musiqimiz olan muğam və onun müxtəlif sahələrini əhatə edir. Ümumilikdə biz 10-dan çox layihə üzərində işləyirik. Bunlardan bəziləri artıq başa çatmışdır, bəziləri icra olunur. Digərləri isə yaxın gələcək üçün nəzərdə tutulmuşdur. İcazə verin, yenicə başa çatmış bir layihə - Azərbaycan muğam sənətkarlarının əvvəllər yazılmış musiqi parçalarının təmizlənməsi və yenidən yazılması barədə danışım. Onların orijinallarının bir çoxunu xaricdə axtarmalı olduq. Buna baxmayaraq, biz uğur əldə etdik və onları CD disklərə köçürə bildik. Sizə musiqi dəstini təqdim etmək istəyirəm. Ümid edirəm ki, bu musiqini dinləməklə Siz zövq alacaqsınız. Buna əlavə olaraq, biz məşhur xanəndələrin haqqında və muğam fəlsəfəsinə aid bir sıra kitablar nəşr etməyi də planlaşdırırıq.


Bizim diqqətimiz başlıca olaraq bir məsələyə - Bakı şəhərində Beynəlxalq Musiqi Mərkəzinin yaradılmasına yönəldilmişdir. Bu musiqi mərkəzini yaradarkən nəinki musiqiçilərin, həm də musiqisevərlərin buraya gələrək musiqini dinləməsini, ənənəvi musiqimiz barədə müzakirələr aparmağı və yaşlı nəsildən olan sənətkarların öz təcrübələrini, biliklərini və ustalıqlarını yeni nəsillə bölüşdürməsini nəzərdə tutmuşuq. Ümid edirik ki, bu mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya mədəni irsinin qorunub saxlanması yolunda daha bir addım olacaqdır.


Sonda demək istəyirəm ki, Azərbaycan UNESCO ilə yaxın əməkdaşlıqdan qürur duyur və onun dünyadakı layihələrinin bir hissəsi olmasına həmişə hazırdır. Sizinlə bir yerdə olmaqdan qürur duydum. Çox yaxın gələcəkdə sizi Azərbaycanda salamlamağa ümid edirəm. Çox sağ olun!


Xəbərə keçid