25 iyun 2013

Bakıda keçiriləcək I Avropa Oyunları Təşkilat Komitəsinin ikinci iclası

İyunun 25-də 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub.


Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli iclas iştirakçıları.


Bu gün biz birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasını keçiririk. Birinci iclas bu il fevralın 2-də cənab Prezidentin rəhbərliyi ilə keçirilmişdir. Bu fakt özlüyündə onu göstərir ki, dövlət bu oyunların hazırlanmasına və keçirilməsinə çox böyük diqqətlə yanaşır.


Birinci görüşümüzdən ötən dövr ərzində bir sıra hazırlıq işləri həyata keçirilmişdir. Qarşımızda duran məsələlərin həlli istiqamətlərində tədbirlər görülmüşdür. Eyni zamanda, yeni çağırışlar, yeni məsələlər ortaya çıxır. Ümidvaram ki, bugünkü görüşdə biz bütün bu sualları birlikdə müzakirə edəcəyik.


Təşkilat Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir.


Mən qeyd etmək istərdim ki, hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Daha dəqiq olsam, oyunların başlanmasına 98 həftə qalıb. Bu, o deməkdir ki, vaxt çox azdır. Ona görə biz gərək daha da fəal işləyək və dövlətin qarşımızda qoyduğu məsələlərin icrası üçün əlimizdən gələni edək. Mən əminəm ki, buna nail olacağıq.


Xəbərə keçid