24 fevral 2014

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı

Fevralın 24-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsi müəssisələrinin inkişafı” proqramının təqdimatı olub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. 

 

Mehriban Əliyeva mərasimdə çıxış edib.

 

Mehriban Əliyevanın çıxışı:

 

- Bu gün biz Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə edəcəyik. Ümidvaram ki, iclasımız səmərəli keçəcək və bu sahədə olan problemlərin həllinə müsbət təsir göstərəcəkdir.

 

Son illər ölkəmizdə baş verən sürətli iqtisadi yüksəliş həyatımızın bütün sahələrində özünü büruzə verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Təbiidir ki, bu sahəyə göstərilən diqqət ildən-ilə artır və artmalıdır. Dövlət qurumları tərəfindən atılan addımlar, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin bir neçə dəfə artırılması, respublika üzrə məktəb tikintisi və məktəblərin əsaslı təmiri, ən müasir avadanlıqla təmin olunması, hər bir məktəbdə kompyuter sinfinin yaradılması bunun sübutudur.

 

Son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir.

 

Bildiyiniz kimi, 2005–ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verildi və bu layihə çox uğurla icra olundu. Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar.

 

Bu gün ölkəmizdə sahibkarlıq çox sürətlə inkişaf edir. Dövlət biznes strukturlarına həm siyasi, həm maliyyə dəstəyi göstərir. Azərbaycan şirkətləri böyük infrastruktur layihələrinin icrasına cəlb olunur. Son on il ərzində dövlət tərəfindən sahibkarlara bir milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Növbəti beş ildə güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənilir. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır.

 

Mən hesab edirəm ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır. Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi.

 

Azərbaycan dövləti öz növbəsində məktəb tikintisini dəstəklədi və beləliklə qeyd etdiyim kimi, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikildi və ya təmir olundu. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcəkdir. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaqdır.

 

O vaxt Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verdi. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Biz bu layihənin də icrasında ölkəmizdəki özəl sektor ilə çox gözəl işbirliyi yaratmışdıq.

 

Heydər Əliyev Fondu bu gün öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir. Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər.


Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.

 

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaqdır. Bir qədər sonra Heydər Əliyev Fondunun eksperti monitorinqin nəticələrini sizin diqqətinizə çatdıracaqdır.

 

Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır.

 

Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar vardır. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunmuşdur. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir.

 

Azərbaycanda özəl bağçalar mövcuddur. Onların sayının artırılması da dəstəklənməlidir. Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil edilməlidir. Uşaqların sağlamlığı çox vacib məsələdir. Bu bağçalarda uşaqları ən keyfiyyətli yeməklə təmin etmək lazımdır. Tibbi xidmət də ən yüksək səviyyədə olmalıdır.

 

Bir məsələni xüsusi qeyd etmək istərdim. Bizim monitorinqimiz göstərdi ki, bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşiblər. Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təhsil sisteminə də böyük zərbə vurub. Qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların təhsil məsələləri daim dövlətin, həmçinin Heydər Əliyev Fondunun diqqət mərkəzində olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz bu sahədə nadir təcrübə əldə etmişik. Çünki işğala məruz qalan torpaqlarda işğaldan əvvəl mövcud olan bütün təhsil infrastrukturu qorunub saxlanılıb. Bu, özlüyündə çox nadir bir təcrübədir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Dövlət Proqramı uğurla icra edilir. Təkcə son il ərzində 28 min məcburi köçkün yeni evlərə köçürülmüşdür. Bu qəbildən olan ailələr üçün yeni evlər, mənzillər inşa olunur. Mən ümidvaram ki, bizim bu təşəbbüsümüz məcburi köçkünlərin uşaq bağçalarından yeni evlərə köçürülməsi prosesinə də müsbət təsir göstərəcəkdir.

 

Beləliklə, bu gün məktəbəqədər təhsil ocaqlarının inkişafı ilə bağlı böyük layihəyə start verilir. Ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcəkdir.

 

X X X

 

Yekun nitqi:

 

- Hörmətli iclas iştirakçıları.

 

Əminəm ki, çıxışlarda səslənən fikirlər, təkliflər nəzərə alınacaqdır. Bu gün səslənən çıxışlarda da qeyd olundu ki, erkən təhsil hər bir gəncin, hər bir insanın həyatında çox vacib rol oynayır. Biz bu gün, ümumiyyətlə təhsildən, gənc nəsildən, uşaqlarımızdan danışırıqsa, aydın başa düşürük ki, ölkəmizin gələcəyindən danışırıq. Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər. Ona görə də bu gün bizim borcumuz ondan ibarətdir ki, bu uşaqlara gözəl tərbiyə, təhsil verək, onları vətənpərvər böyüdək. Onlar öz vətənlərinə bağlı olmalıdırlar, Azərbaycanın dəyərlərini, ənənələrini qoruyub saxlamalıdırlar. Eyni zamanda, onlar bütün dünyaya açıq olmalıdırlar. Çünki indi müasir dünya elədir ki, hər bir insan gərək çox yüksək səviyyədə təhsil alsın, müxtəlif insanlarla ünsiyyət qurmağı bacarsın, dünyaya açıq olsun, bir çox xarici dillərdə danışsın. Yəni, bizim istəyimiz ondan ibarətdir ki, gələcək nəsillər məhz belə şəraitdə böyüsünlər. Əlbəttə, bunu etmək üçün bir çox şərtlər lazımdır. Bu, asan deyildir. Biz müstəqil ölkə kimi çox gənc ölkəyik. Amma biz bu qısa zamanda böyük nailiyyətlər əldə etmişik. İnanıram ki, biz yaxın gələcəkdə təhsil sahəsində də dəyişiklikləri, böyük nailiyyətləri görəcəyik. Çünki bir daha qeyd etmək istəyirəm ki, təhsil hər bir ölkə, o cümlədən gənc müstəqil Azərbaycan üçün çox vacib, strateji sahədir. Ona görə, qeyd etdiyim kimi, bu gün biz birlikdə yeni, çox vacib bir layihəyə - məktəbəqədər təhsil ocaqlarının inkişafı layihəsinə start veririk. Biz mövcud vəziyyəti burada eşitdik. Səslənən faktlar onu deyir ki, ölkədə uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır, tələbatın cəmi 23 faizi ödənilir. Əlbəttə, bir çox uşaqlar erkən təhsil almaq imkanından kənarda qalır. Ona görə, mən inanıram ki, Heydər Əliyev Fondunun digər təşəbbüsləri, proqramları kimi, bu proqram da uğurlu olacaqdır. Qısa zamanda həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində biz bu istiqamətdə yaxşılığa doğru dəyişiklikləri görəcəyik.

 

Mən UNICEF-ə minnətdarlığımı çatdırıram. Çünki bu təşkilat böyük təcrübəyə malikdir. Biz, əlbəttə, gərək bunu da özümüz üçün qeyd edək. Onlara da dəstəklərinə görə təşəkkürümü bildirirəm. Bir sözlə, biz Fond olaraq hər bir əməkdaşlığa hazırıq. Mən bir daha üzümü özəl sektora, sahibkarlara tuturam. Qeyd etmək istəyirəm ki, bizim Fondla sizin birgə layihələrimizin nəticələrini təqdim etdim. Doğrudan da biz çox səmərəli işbirliyi yaradırıq. Əminəm ki, siz bu layihəyə də qatılacaqsınız. Ölkəmizin problemlərinin həllində iştirak etmək mənə elə gəlir ki, bizim hər birimizin borcudur.

 

Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, ən böyük nailiyyətimiz ondan ibarətdir ki, bu on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar. Bizə müraciət edən insanlar bilirlər ki, biz hər zaman yardıma, köməyə açığıq, hazırıq. Bu illər ərzində Fond tərəfindən, doğrudan da, bir çox əhəmiyyətli layihələr həyata keçirilib. Bildiyiniz kimi, biz mədəniyyət sahəsində böyük işlər görürük. Biz ölkəmizin tarixi və memarlıq abidələrini qoruyuruq. Bütün dünyada Azərbaycan muğamını təbliğ edirik. Azərbaycanın qədim mədəniyyətini, incəsənətini, musiqisini, xalçaçılıq məktəblərini bütün dünyaya tanıdırıq. Azərbaycan mədəniyyəti günləri, sərgilər keçiririk. Biz Azərbaycanın gənc rəssamlarına, idmançılarına böyük dəstək veririk. Lakin biz fəaliyyətimizin ilk günündən təhsil, səhiyyə, sosial problemlərin həllini prioritet elan etmişik və bu günə qədər də buna sadiqik. Çünki Heydər Əliyev Fondunun əsas məqsədi cəmiyyətimizin ən zəif təbəqələrinə yardım göstərmək, cəmiyyətimizdə mövcud olan sosial problemlərin həllində iştirak etməkdir. Belə olubdur və belə də olacaqdır. Bu gün elan olunan layihə bunun sübutudur. Çünki bu, doğrudan da ölkəmiz üçün çox vacib bir problemdir. Mən inanıram ki, biz birgə səylərimizlə qısa bir zamanda bu sahədə böyük nailiyyətlər əldə edəcəyik.

 

Çox sağ olun.


Xəbərə keçid