14 aprel 2012

Moskvada “Bakı-2020” layihəsinin təqdimat mərasimi

Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyası keçirilmişdir.


Assambleya çərçivəsində 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimi olmuşdur.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.


Birinci xanım Mehirban Əliyeva tədbirdə çıxış etmişdir.


Mehriban xanım Əliyevanın çıxışı:


- Hörmətli cənab prezident!


Hörmətli Beynəlxalq Olimpiya Komitəsinin üzvləri!


Hörmətli qonaqlar!


Mən bu gün 2020-ci ildə Bakının Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini təqdim etməkdən şərəf hissi duyuram. Biz bu oyunların uğurlu olması işinə sadiqik və bu oyunları ölkəmizdə keçirmək arzumuz hökumətin, Bakı şəhərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan xalqının güclü dəstəyinə və ictimaiyyətin 95 faizinin razılığına arxalanır. Azərbaycan bütün dünyanı Xəzərin sahillərində salamlamağı çox istəyir, dünyanın hər yanından minlərlə idmançı və milyonlarla iştirakçıya xidmət göstərməyə hazırdır.


Paytaxtımız Bakı özündə qədimliyin və müasirliyin harmoniya təşkil etdiyi kosmopolit şəhərdir. Şəhərimiz qədim tarixə və zəngin mədəni irsə malikdir. Bura Şərq ilə Qərbin qovuşduğu nadir bir məkandır. Uzun illər burada mövcud olan sülh, müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik bizim identifikasiyamızın özəyini təşkil etmişdir.


Bizim idman ənənələrimiz uzun tarixə söykənir. Qobustandakı qayaüstü rəsmlər bizim ulu babalarımızın idmanda bir-biriləri ilə rəqabət apardığını, yarışdığını əks etdirir. Əfsanələr onu sübut edir ki, bir çox gənclər hazırda da məşhur olan müxtəlif idman yarışlarında öz qüvvələrini sınamadan özlərinə ad əldə edə bilmirmişlər. Bizim dünya olimpiya ailəsinə yeni üzv olmağımıza baxmayaraq, Azərbaycan idmançılarının beynəlxalq arenalardakı qələbələri getdikcə daha da çoxalır, eyni zamanda, ölkədə idman infrastrukturunun yaradılmasına qoyulan güclü sərmayə bizim idmana və Olimpiya hərəkatına olan həvəsimizi sübut edir. Biz idman oyunlarının keçirilməsi üçün siyasi və maliyyə öhdəliklərini başa düşürük. İcazə verin sizi əmin edim ki, biz hazırıq. Biz hazırıq ona görə ki, həmin oyunların ölkəmizdə keçirilməsini istəyirik.


Son səkkiz ildə ümumi daxili məhsulumuzun nəzərəçarpacaq 300 faiz artımı, çoxsaylı iqtisadi, sosial, ətraf mühit layihələrinin həyata keçirilməsi bizim 9 milyonluq əhalimizin hər birinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib.


Mən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə Olimpiya və Paralimpiya hərəkatlarına diqqət və qayğılarına, onları qiymətləndirdiklərinə görə minnətdarlığımı bildirmək istərdim. Biz Azərbaycanda bu dəyərləri tam bölüşürük.


Əgər Bakı 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə nail olarsa biz bütün dünyanı təmiz, ədalətli rəqabətdə və yarışlarda bir araya gətirəcəyik. Biz sülh və dostluq naminə humanist amallarımızı bölüşəcəyik. Bizim şəhərimizin qədim simvolu olan Bakının əbədi məşəli Olimpiyanın sülh və ümid məşəlini salamlayanda bütün xalqımız böyük zəhmət və səylərimiz nəticəsində həyata keçəcək birgə arzularımızı qeyd edəcəkdir. Biz bu arzularımızı Bakıdakı bütün qonaqlarımızla birgə bölüşəcəyimizə ümid edirik.


Diqqətinizə görə təşəkkür edirəm və sizə ən xoş arzularımı çatdırıram.


Xəbərə keçid