23 fevral 2016

Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı

2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib:

 

- Əziz mərasim iştirakçıları, ilk növbədə mən sizin hər birinizi salamlayıram. Bugün bu mərasimdə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.

 

Mən layihənin belə gözəl təqdimatına görə sizə təşəkkür edirəm. Çox ətraflı və maraqlı təqdimat oldu. Heydər Əliyev Fondu haqqında və mənim fəaliyyətim barədə deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çox geniş qardaşlıq, dostluq, əməkdaşlıq qurulub. Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq ümumi əməkdaşlığımızın bir hissəsidir. Mən bu əməkdaşlığın qurulmasında kardinal Ravaziyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illər keçirilən bütün tədbirləri yenidən sadalayaraq təkrarlamaq istəmirəm, amma qeyd etmək istəyirəm ki, bu əməkdaşlığın möhkəmləndirilməsində hörmətli kardinal Ravazinin xüsusi rolu vardır. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məsələsini də məhz kardinal Ravazi təklif etdi və biz bu layihəni birlikdə sona çatdırdıq. 2014-cü ildə mənə həmin katakombaları görmək nəsib oldu və unudulmaz hisslər keçirdim. Orada aparılan bərpa işləri ilə tanış oldum və həm müasir texnologiyalardan istifadə edildiyini, həm də orada işləyən insanların çox incə əl işlərini gördüm. Fürsətdən istifadə edərək katakombaların bərpasında əməyi olan hər bir insana, xüsusilə də professor Biskontiyə dərin minnətdarlığımı bildirirəm.

 

Hörmətli dostlar, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmuşdur. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb.

 

Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dini münasibətlər çox sağlam zəmində qurulub. Biz bütün dini tədbirləri, bayramları birgə keçiririk. Bizim din xadimlərimiz hər zaman birlik nümayiş etdirir. Əlbəttə, cəmiyyətdə hökm sürən tolerantlıq və dözümlülük ab-havası Azərbaycan xalqının yaşam tərzidir.

 

Əfsuslar olsun ki, son zamanlar dinlərarası münasibətlərdə böhran yaşayır. Biz islamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsini görürük. Dini zəmində qanlı toqquşmalar, münaqişələr baş verir. Minlərlə günahsız insan həlak olur, milyonlarla insan öz doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalır. Eyni zamanda, sərhədlər bağlanır, antimiqrant meyilləri güclənir. Əminəm, bu hallar bizim hər birimizi narahat edir və bu gün Azərbaycanın dünyaya mesajı ondan ibarətdir ki, multikulturalizm mümkündür. Azərbaycanda müşahidə olunduğu kimi, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar, müxtəlif mədəniyyətlərin nümayəndələri birgə sülh və qardaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycan müsəlman aləminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir. Bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.

 

2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları böyük uğurla keçirildi. Bu Oyunlarda Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı iştirak etdi. 2017-ci ildə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu, bizim Qərb və Şərq dəyərlərinə eyni mövqedən yanaşdığımızın və ayrı-seçkilik etməməyimizin sübutudur.

 

Hörmətli qonaqlar, mən çox şadam ki, bu gün biz bir layihəni başa çatdırırıq, eyni zamanda, digər layihəyə start veririk. Yəni, bizim əməkdaşlığımız davam edir. Fikrimcə, belə münasibətlər, belə əlaqələr dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah formasıdır. Mən bu gün fəxr edirəm ki, Azərbaycan dövləti xristian abidələri sırasında öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verib. Bərpa işlərində əməyi olan hər bir insana bir daha dərin minnətdarlığımı bildirirəm. Hörmətli kardinal Ravaziyə bu əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Bizim gələcək əməkdaşlığımıza böyük ümidlərlə baxıram. Çox sağ olun.


Xəbərə keçid