30 dekabr 2009

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir.

 

Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

 - Hörmətli qonaqlar!

 

Hörmətli müəllimlər və valideynlər!

 

Əziz uşaqlar!

 

İlk növbədə mən sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni ildə sizə möhkəm cansağlığı, gələcək uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

 

Biz artıq Yeni ili ənənəvi olaraq birlikdə qarşılayırıq, yeni – 2010-cu ili qarşılayırıq. Amma, eyni zamanda, biz bu gün keçmiş 2009-cu illə vidalaşırıq. Əgər keçmiş ilə nəzər salsaq, görərik ki, bu il bir çox vacib hadisələrlə və nailiyyətlərlə ölkəmizin tarixində qalacaqdır. Baxmayaraq ki, dünyanı maliyyə böhranı bürüyüb, Azərbaycanda iqtisadi artım davam edir. Biz bunu demək olar ki, həyatımızın bütün sahələrində görə bilərik. Təkcə paytaxtımıza nəzər salsaq, görərik doğma Bakımız gündən-günə necə gözəlləşir, yeni bağçalar, yeni parklar salınır, abidələr, dənizkənarı park bərpa olunur. Ölkəmizdə yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir.

 

Siz hamınız yaxşı bilirsiniz ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Bununla əlaqədar Bakıda bir çox beynəlxalq görüşlər, simpoziumlar, festivallar keçirildi. Yəqin ki, xatırlayırsınız, mart ayında Bakıda I Beynəlxalq Muğam Festivalı keçirildi. Yeddi gün həqiqətən böyük bir musiqi bayramına çevrildi və bir daha sübut etdi ki, Azərbaycan muğamı təkcə bizim mədəniyyətimizin yox, bütün dünya musiqi xəzinəsinin incisidir.

 

Eyni zamanda, 2009-cu il “Uşaq ili” elan olunub və bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb. 2009-cu ildə Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə əsaslı təmir aparılıb, 10-dan artıq körpələr evi və uşaq bağçası təmir edilib və yenidən qurulub.

 

Heydər Əliyev Fondu da bu sahədə öz fəaliyyətini davam etdirir. Bu il Ağdaş şəhərində uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi adına uşaq incəsənət məktəbinin təməli qoyulub. Bir çox beynəlxalq görüşlər keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib. Bir sözlə, 2009-cu ildə bir çox mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə edilib.

 

Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün – sizin üçün görülür.

 

Mən bir daha sizə təhsilinizdə, öz həyatınızda böyük-böyük uğurlar, yaxşı, möhkəm cansağlığı, yaxşı əhval-ruhiyyə arzulayıram. Qeyd etmək istəyirəm ki, bu il Heydər Əliyev Fondu sizin üçün bu bayramı yeni bir məkanda - yenə də bu il, 2009-cu ildə istifadəyə verilmiş “Buta” sarayında keçirir. Əminəm ki, siz bu sarayı, bu şənliyi sevəcəksiniz və yadınızda saxlayacaqsınız.

 

Sizi bir daha ürəkdən təbrik edirəm, öpürəm, ən xoş arzularımı çatdırıram!


Xəbərə keçid