03.JPG
19 mart 2022

İmişlidə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən məktəb və bağça binası istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən İmişli rayonunda A.Eminov adına 7 nömrəli tam orta məktəb və 3 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binalar inşa olunub.


Hər iki bina Novruz bayramı ərəfəsində - martın 19-da istifadəyə verilib.


İmişli şəhəri A.Eminov adına 7 nömrəli tam orta məktəb üçün inşa olunan 800 şagird yerlik binada şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən zəruri şərait yaradılıb.


Məktəbin köhnə binasının birinci korpusu 1953-cü ildə, ikinci korpusu isə 1962-ci ildə inşa olunub. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəldiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü üçün Heydər Əliyev Fondu tərəfindən 800 şagird yerlik yeni məktəb binası tikilib. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Üçmərtəbəli binasında 34 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Məktəbin direktoru Ramil Möhbalıyev bildirib ki, əvvəlki binada olan çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə öz mənfi təsirini göstərirdi. Çünki bina artıq istismar müddətini başa vurmuşdu: “İndi isə Heydər Əliyev Fondu məktəb üçün müasir standartlara uyğun olan bina inşa etdirib. Binada təhsil üçün lazımi şərait yaradılıb. Göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kollektiv adından minnətdarığımı bildirirəm”.


İmişli şəhər 3 nömrəli uşaq bağçası-körpələr evi üçün inşa olunan yeni bina da müasir standartlara uyğun tikilib.


Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, 3 nömrəli körpələr evi-uşaq bağçasının əvvəlki binası 1990-cı ildə inşa olunmuşdu. Ötən müddətdə bağçanın binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.


Yeni tikilən körpələr evi-uşaq bağçası 60 yerlikdir. Burada balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar var. Bağça zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, qruplar üçün söhbətgahlar quraşdırılıb.


Bağçanın müdiri Anaxanım Nuriyeva deyib: “Yeni binanın istifadəyə verilməsi Heydər Əliyev Fondunun Novruz bayramı ərəfəsində bizə çox gözəl hədiyyəsi oldu. Uşaqların sağlamlığı, istirahəti və təlim-tərbiyə üçün lazımi şərait yaradılıb. Buna görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk”.


On bir ildir bu bağçada çalışan valideyn və tərbiyəçi Günay Məmmədova körpələr evinin çətin günlərinin artıq geridə qaldığını söyləyib. “Bundan sonra balacalar tam müasir standartlara cavab verən binada təlim-tərbiyə alacaqlar. Bu da gələcəkdə onların təhsili üçün gözəl təməl sayılır”, - deyə o əlavə edib.


FOTO