2.jpg
28 iyul 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qusarda və Qubada internat və orta məktəblərdə olub

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Qusar şəhərindəki internat məktəbində olmuşdur.

 

Məktəbin kollektivi hörmətli qonağı böyük səmimiyyətlə, öz doğmaları kimi qarşıladılar.

 

Məktəbin yataq və tədris korpusunu gəzən Mehriban xanıma məlumat verildi ki, 1957-ci ildə tikilmiş 189 yerlik bu tədris ocağı sonuncu dəfə 35 il bundan əvvəl əsaslı təmir olunduğuna görə bərbad vəziyyətdədir. Son vaxtlar yerli iş adamı tərəfindən qismən təmir edilsə də, məktəbin problemləri çoxdur. Qazanxana tamamilə sıradan çıxdığına görə qış aylarında böyük çətinlik yaradır. Yeməkxana binası isə istifadə üçün tamamilə yararsız haldadır.

 

Pedaqoji kollektiv Heydər Əliyev Fondu tərəfindən məktəbin təmirinə, avadanlıq və dərsliklərlə təminatına kömək göstəriləcəyi barədə Mehriban xanımın verdiyi məlumatı sonsuz razılıqla qarşıladı.

 

Heydər Əliyev Fondu tərəfindən ölkədə bu il tikiləcək 132 kənd məktəbindən dördü Qusar rayonunun payına düşür. Həmin məktəblərin tikintisinin gedişi ilə yaxından tanış olmaq üçün əvvəlcə Köhnə Xudat kəndinə gələn Prezidentin xanımını sakinlər ehtiramla qarşıladılar. Mehriban xanım Əliyeva tikinti meydancasına gedərək işlərin gedişi ilə maraqlandı. Məktəbi inşa edən "Azərsutəchizattikinti" Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilov 12 sinif otağından ibarət 240 yerlik məktəbin sentyabrın 15-dək istifadəyə veriləcəyini bildirdi.

 

"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, Qusarın Gündüzqala kəndində də yeni məktəb binası tikilir. Fondun prezidenti burada da inşaat işlərinin vəziyyəti ilə yaxından maraqlandı. Söhbət zamanı kənd sakinləri uzun illər onları düşündürən və narahat edən məsələnin həllinə görə hörmətli qonağa təşəkkürlərini bildirdilər. İnşaatçılar isə tikinti işlərində kənd camaatının yaxından köməyini xüsusi vurğuladılar.

 

Azərbaycan Prezidentinin səmimi salamlarını sakinlərə çatdıran Mehriban xanım onların digər sosial problemlərlə bağlı arzularını Prezident İlham Əliyevə yetirəcəyini söylədi.

 

Quba rayonu Qımılqazma kəndinin uşaqları indiyədək keçən əsrin əvvəllərində tikilmiş, bir neçə otaqdan ibarət və heç bir şəraiti olmayan binada təhsil almaq məcburiyyətində qalmışdılar. İndi Heydər Əliyev Fondunun təşəbbüsü ilə köhnə məktəbin yerində yeni tədris korpusu ucaldılacaqdır.

 

Mehriban xanım Əliyeva yerli sakinlərlə səmimi görüşdükdən sonra məktəbin inşa olunduğu yerə baş çəkdi, tövsiyələrini verdi. İnşaat işlərini yerinə yetirən Nəqliyyat Nazirliyinin Avtoyol Departamentinin trest rəisi Rauf Həbibov tikinti işlərinin planı barədə məlumat verdi.

 

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla məktəbin bünövrəsinin qoyulması mərasimində iştirak etdilər.

 

İnşaatçılar müasir tələblərə uyğun istilik və digər kommunikasiya sisteminə malik 20 otaqlı məktəbdə əsas işləri yeni dərs ilinədək başa çatdıracaqlarını bildirdilər.


Mehriban xanım Əliyeva və qızı məktəblərin hər birində müəllimlər, uşaqlar və inşaatçılarla xatirə şəkli çəkdirdilər.


FOTO