ANEMIYA-TALASSEMIYA-DAYIRMI MASA .JPG
13 avqust 2010

Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə “dəyirmi masa” keçirilib

Avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə “dəyirmi masa” keçirilmişdir.


Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirmişdir ki, son 6 il ərzində Fond tərəfindən səhiyyə sahəsində də bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Talassemiya xəstəliyi hazırda ölkəmizdə çox aktualdır. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ən müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi istifadəyə verilmişdir. Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.

 

Səhiyyə Nazirliyinin nümayəndəsi Soltan Əliyev bu xəstəliklə mübarizə sahəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır.

 

Milli Məclisin deputatı Hadı Rəcəbli bildirmişdir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Son illər ölkədə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən layihələr əhalinin sağlamlığının qorunması işinə xidmət edir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra Dövlət proqramları həyata keçirilir, yeni qanunlar qəbul edilir.

 

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş nailiyyətləri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri yüksək qiymətləndirmişdir.

 

Tədbirdə vurğulanmışdır ki, Azərbaycanda anemiya üzrə rəqəmlər də ciddidir və 23 ayadək olan uşaqların yarıdan çoxu anemiyadan əziyyət çəkir. 6-59 ayadək olan uşaqlar arasında isə bu xəstəliyin yayılma səviyyəsi 39 faizdir. Xəstəlik uşaqların, yeniyetmələrin və hamilə qadınların sağlamlığı üçün ciddi təhlükələrdən biridir və ana ölümü hallarının ilkin səbəbidir.

 

Tədbirin sonunda bəyannamə qəbul olunmuşdur.


FOTO