25 noyabr 2010

Azərbaycan körpələrin ana südü ilə qidalandırılmasını fəal təbliğ edir

Körpələrin ana südü ilə qidalandırılmasının ana və uşaqlar üçün faydası, bu sahədə fəal təbliğat işlərinin aparılması noyabrın 25-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (YUNİSEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və onların aradan qaldırılmasının yolları” mövzusunda keçirilən milli konfransın əsas müzakirə obyekti olmuşdur.


Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev qurumun uşaqlar ilə bağlı bir sıra layihələr həyata keçirdiyini bildirərək, ana südü ilə qidalanmanın həm ana, həm də körpə üçün faydasından danışmışdır.


Qeyd olunmuşdur ki, körpənin ilk günlərdən ana südü ilə qidalanması uşaq ölümünün azalması əmsalına əhəmiyyətli dərəcədə təsir edir. Ana südü ilə qidalanmayan körpə ilə müqayisədə ana südü ilə qidalanan körpələrin həyatlarının ilk aylarında sağ qalmaq imkanları ən azı 6 dəfə çoxdur. Beynəlxalq tədqiqatların nəticələrinə görə ana südü ilə qidalanma uşaqları bəzi xəstəliklərdən, o cümlədən kəskin respirator infeksiyalardan və anemiyadan qoruyur.

 

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ölkəmizdə körpələrin təbii yolla qidalanması göstəricisinin artması üçün ana südünün üstünlükləri barədə danışmışdır. M.Herevard körpələrini təbii yolla qidalandıran analarda onkoloji xəstəliklərin yaranma ehtimalının da azaldığını söyləmişdir. O, bu məsələnin YUNİSEF-in fəaliyyətinin prioritet istiqamət təşkil etdiyini söyləyərək, Heydər Əliyev Fondunun gördüyü işləri vurğulamışdır.


Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2003-cü ildə bu məsələ ilə bağlı qanun layihəsinin hazırlanması zamanı dünya təcrübəsindən qaynaqlandıqlarını bildirmişdir. H.Rəcəbli uşaqların ana südü ilə qidalanması məsələsi ilə bağlı Heydər Əliyev Fondunun apardığı işlərin rolunu diqqətə çatdırmışdır.

 

Bildirilmişdir ki, bununla da ana, uşaq və Azərbaycanın genofondu qorunmuş olur. H.Rəcəbli konfransın əhəmiyyətini vurğulayaraq demişdir ki, müzakirələrin nəticəsi qanuna əlavə və dəyişikliklərə gətirib çıxara bilər.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva isə təbii yolla qidalanmanın faydası ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasının vacibliyini, maarifləndirmə işinin aparılması üçün mətbuatın rolunu vurğulamışdır. Q.Paşayeva sosial çarxların və reklamların nümayişini vacib sayaraq onların pulsuz yerləşdirilməsini təklif etmişdir. O demişdir ki, Heydər Əliyev Fondu və Fondun rəhbəri Mehriban xanım Əliyeva cəmiyyətin ən həssas məsələlərinə olduğu kimi, bu problemə də xüsusi diqqət göstərir.

 

Milli Məclisin deputatı Musa Quliyev uşaqların mühafizəsi ilə bağlı məsələnin həmişə diqqət mərkəzində olduğunu bildirmişdir. O, təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətini qeyd etmişdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva körpələrin ana südü ilə qidalanması məsələsinə kompleks yanaşma və birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

 

Milli Məclisin deputatı Məlahət Həsənova bu cür forumların ölkəmizin bölgələrində də keçirilməsinin vacibliyini nəzərə çarpdırmışdır. O, məsələ ilə bağlı parlament dinləmələrinin keçirilməsini təklif etmişdir.

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə körpələrin ana südü ilə qidalanmasının problemlərinin yaranmasının səbəblərini açıqlamışdır. O demişdir ki, bu məsələdə problemlər obyektiv səbəblərdən 1-2 faiz, subyektiv səbəblərdən isə 98-99 faiz təşkil edir. Qeyd olunmuşdur ki, ana südü heç nə ilə əvəz olunmaz qidadır. Uşağı xəstəliklərdən qoruyur, ananın sağlamlığı üçün vacibdir. Bundan əlavə, ana südü körpə ilə ananın ünsiyyətini yaratmaqla yanaşı, süni qidadan dəfələrlə ucuz başa gəlir.