FOND-DIABETLI INSANLAR-PREPARAT (1).JPG
8 iyun 2009

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiyaya imza atıb

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirərək, Fransanın ən güclü əczaçılıq qrupu olan “Servyer” şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini dərmanla təmin etmişdir.


Bu münasibətlə iyunun 8-də Yasamal rayonundakı Heydər Əliyev məktəb-muzeyində şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan diabetli vətəndaşlara 1200 qutu “Diabeton MR” preparatı təqdim edilmişdir.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gördüyü işlərlə bağlı ətraflı məlumat vermiş və həyata keçirdiyi mühüm layihələrdən danışmışdır.

 

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən beş ildə ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək vermişdir. Fond digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər.

 

Vurğulanmışdır ki, cari ildə Fondun dəstəyi ilə uşaqlar üçün istifadəyə verilmiş qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəzlə yanaşı, reabilitasiya mərkəzinin inşası da başa çatmaqdadır. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.

 

Tədbirdə çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov və “Servyer-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin regional meneceri Rişad Təhməzov bildirmişlər ki, 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Heydər Əliyev Fondu ilə birgə ikinci tip diabetli insanların müalicəsini təmin edən layihəni gerçəkləşdirir.

 

Fondun əhalinin sağlamlığının qorunması, tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirilən irimiqyaslı proqram layihələrindən, tədbirlərdən danışan natiqlər xüsusi vurğulamışlar ki, Mehriban xanım Əliyevanın dəstəyi ilə bu gün Azərbaycanda diabetli xəstələrə xüsusi diqqət və qayğı göstərilir.

 

Sonda diabetli xəstələrə preparatlar təqdim edilmişdir. Onlar məktəb-muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotomateriallarla yaxından tanış olmuşlar.


FOTO