23 fevral 2010

Dünya elektron kitabxanası təşəbbüsünə qoşulma

Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığın əsasını qoymaq üçün, eyni zamanda Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulmaq məqsədilə 2009-cu ildə Heydər Əliyev Fondunun ABŞ-dakı nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında bir sıra görüşlər keçirilmişdir. Aprel ayında Fondun nümayəndəsi ilə Konqresin kitabxanaçısı cənab Ceyms Bilinqton görüşmüş, Azərbaycanda geniş spektrli fiziki və elektron kitabxananın yaradılmasını və Konqresin kitabxanası tərəfindən lazımi texniki dəstəyin təmin edilməsini müzakirə etmişlər.

 

Bir qədər sonra, iyun ayında Dünya Elektron Kitabxanasının Baş Məsləhətçisi Con Van Oudenaren ilə görüş keçirilmiş və bu görüşdə Azərbaycana məxsus olan çox nadir sənədlərin və nəşrlərin dünya ictimaiyyətinə açıq şəkildə təqdim olunması layihəsinin yaradılması imkanları müzakirə edilmişdir. Dünya Elektron Kitabxanası (DEK) təşəbbüsü Azərbaycanın mədəni irsinin təşviqi üçün yüksək potensiala malik olduğu üçün görüşün əsas müzakirə mövzusu idi. Bundan başqa ölkədə yalnız Dünya Elektron Kitabxanası üçün deyil, həm də milli və beynəlxalq layihələr, xüsusi materialların hazırlanması üçün elektronlaşdırma mərkəzinin yaradılması da müzakirə edilmişdir.

 

Görüşlər zamanı Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulma məsələsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu qeyd edilmişdir. DEK təşəbbüsü Konqresin Kitabxanası və YUNESKO tərəfindən başlanan təşəbbüsdür. Fondun nümayəndəsi xüsusi olaraq Azərbaycanın birinci xanımının Azərbaycanın mədəni irsinin yenidənqurması və qorunmasında əvəzolunmaz rolunu qeyd etmişdir. Bu qorunub saxlanan irsin xüsusi nümunələri DEK-in məzmununu zənginləşdirə bilər. Əlavə olaraq Fondun nümayəndəsi təşkilatın fəaliyyəti və onun səhiyyəyə, mədəniyyətə, elmə və Azərbaycanın sosial həyatına verdiyi töhfədən danışmışdır. Konqres kitabxanasına Fondun nəşrlərindən olan eksklüziv kitab və musiqi kolleksiyaları hədiyyə olunmuşdur.

 

Onu da qeyd etmək lazımdır ki, DEK təşəbbüsü mədəniyyətlərarası anlayışın təşviqinə, internetdə mədəni məzmunun həcminin və müxtəlifliyinin genişləndirilməsinə, ictimaiyyət və elmi institutlar üçün resursların təmin edilməsinə və ölkələr arasında elektron bölgünün azaldılması məqsədilə partnyor institutların potensialının gücləndirilməsinə yönəlmişdir. Kitabxananın məqsədi internetdə ödənişsiz, çoxdilli formatda dünyanın müxtəlif mədəniyyətlərindən götürülən əlyazmaları, nadir kitabları, xəritələri, yazıları, filmləri, fotoları, arxitektura xəritələrini və başqa önəmli mədəni resursları dünyaya açıq təqdim etməkdir. DEK dünyanın 30 əsas milli kitabxanası və tanınmış dünya institutları ilə əməkdaşlıq edir.