Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə Rumıniyanın Tekirgöl şəhərinin mərkəzi küçələrindən birinə böyük Azərbaycan alimi, professor Bəkir Çobanzadənin adı verilmişdir.
Açılış mərasimində çıxış edən Tekirgöl şəhərinin meri Adrian Stan Bəkir Çobanzadənin həyat yolundan danışmış, qəbul olunmuş qərarın şəhərin türk və tatar icmaları tərəfindən böyük məmnuniyyət hissi ilə qarşılandığını, tanınmış alimin şərəfinə adlandırılmış küçənin şəhərin mərkəzi küçələrindən biri olduğunu bildirmişdir. Gələcəkdə bu küçədə B.Çobanzadənin büstünün də qoyulacağını diqqətə çatdırmışdır.
Rumıniya tatar icmasının parlamentdəki nümayəndəsi Aledin Amet təmsil etdiyi milli azlıq adından Azərbaycan dövlətinə, səfirliyə və Heydər Əliyev Fonduna irəli sürülən təşəbbüsə görə təşəkkürünü bildirmiş, bənzər təşəbbüsün Konstansa vilayətinin türk və tatar icmalarının yığcam şəkildə məskunlaşdığı Məcidiyyə şəhərində də həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Burada görkəmli alimin adının şəhərin əsas parklarından birinə veriləcəyi qeyd olunmuşdur.
Səfirliyin əməkdaşı Fəxri Kərimli Rumıniya-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən danışaraq Tekirgöl bələdiyyəsinə və onun timsalında Rumıniya dövlətinə Azərbaycan aliminin xatirəsinin əbədiləşdirilməsinə görə təşəkkürünü ifadə etmişdir.
Digər çıxış edənlər gələcəkdə də Azərbaycan ilə mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, birgə layihələr həyata keçirmək istəklərini ifadə etmiş, Tekirgöl şəhəri ilə Azərbaycan şəhərlərindən birinin qardaşlaşması təşəbbüsünü irəli sürmüşlər.