25 oktyabr 2010

Birinci beynəlxalq aşıq festivalının iştirakçıları Tovuzda konsert proqramı ilə çıxış ediblər

Oktyabrın 25-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən Birinci beynəlxalq aşıq festivalının iştirakçıları Tovuz rayonunda olmuşlar.


Qonaqlar əvvəlcə rayonun mərkəzindəki Heydər Əliyev muzeyinə gəlmiş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar.

 

Gənclərdən ibarət «Misri» aşıqlar ansamblının qarşıladığı qonaqları rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov salamlamış, tədbirin saz və söz diyarı qədim Tovuzda keçirilməsini yüksək qiymətləndirmişdir. Tofiq Zeynalov qonaqlara rayonun sosial-iqtisadi inkişafı haqqında məlumat vermişdir.

 

Respublika Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub türk dünyasının birliyindən, aşıq sənətinin böyüklüyündən bəhs etmiş və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu festivala böyük qayğı göstərdiyini vurğulamışdır. Sədr Tovuzun klassik və müasir aşıqlarından söz açmışdır. Xüsusi qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyev həmişə aşıq sənətinə böyük qiymət vermişlər.

 

Sonra Türkiyə, Qırğızıstan, İran, Özbəkistan, Naxçıvan və Tovuz aşıqlarının iştirakı ilə konsert olmuşdur.