008.jpg
28 mart 2007

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov Heydər Əliyev Fondunda olub

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov martın 28-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verdi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə nəzər yetirən Sergey Mironov, görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən foto-sənədlərə, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi.

 

Rusiyalı qonaq görkəmli dövlət xadimi Heydər Əliyevlə şəxsən tanış olduğunu, onun zəkasına və intellektinə heyran qaldığını, bu dahi şəxsiyyətin bütün keçmiş İttifaq məkanında, xüsusilə Rusiyada həmişə hörmətlə anıldığını bildirdi.

 

Rusiya parlamenti yuxarı palatasının sədrinə məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Sergey Mironov Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

 

Fondun prezidenti Mehriban xanım Əliyevanın adından Federasiya Şurasının sədrinə Fondun fəaliyyətindən bəhs edən kitab və "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

 

Sergey Mironov görkəmli siyasi xadim Heydər Əliyevlə çəkdirdiyi fotoşəkli və xatirə hədiyyəsini Fonda hədiyyə etdi.

 

Fondla tanışlıq zamanı Federasiya Şurasının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müşayiət edirdi.


FOTO