003.jpg
10 may 2007

Gürcüstanın nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə ölkəmizə gəlmiş Gürcüstan parlamentinin, müxtəlif dövlət, yerli icra orqanlarının nümayəndələrindən ibarət heyət mayın 10-da Fəxri xiyabanda ulu ödərin məzarını ziyarət edərək, gürcü xalqının dahi şəxsiyyətə ehtiramını ifadə etmişlər.

 

Sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verildi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən gürcüstanlı qonaqlar, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər.

 

Onlar görkəmli dövlət xadimi Heydər Əliyevin adının qonşu Gürcüstanda da həmişə hörmətlə anıldığını bildirdilər.

 

Gürcüstanlı qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Nümayəndə heyətinin üzvlərinə Fondun nəşr etdirdiyi və Ermənistan silahlı qüvvələrinin vəhşiliklərindən bəhs edən “Qarabağ həqiqətləri” toplusunun nüsxələri təqdim olundu.


FOTO