18 sentyabr 2007

Filippinin Xaricdə Yaşayan Əməkçilərin Sosial Təminatı üzrə Administrasiyasının rəhbəri Marianito Rokun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Ölkəmizdə səfərdə olan Filippinin Xaricdə Yaşayan Əməkçilərin Sosial Təminatı üzrə Administrasiyasının rəhbəri Marianito Rokun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 18-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyənin, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.


Marianito Rok və onu müşayiət edən qonaqlar sonra Fondun muzeyinə baxmışlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən filippinli qonaqlar görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada SSRİ hökumətinin rəhbərlərindən biri olarkən Asiya, Şərq ölkələri ilə dostluq münasibətlərinin yaxşılaşmasına mühüm əhəmiyyət verdiyini yüksək dəyərləndirmişlər.


Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlığın onlarda zəngin təəssürat doğurduğunu demişlər.


Marianito Roka Fondun 2004-2007-ci illərdəki fəaliyyətinə həsr edilmiş kitab hədiyyə edilmişdir.