Məktubda deyilir:
Hörmətli festival iştirakçıları,
Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınmaqdadır.
Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi.
2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.
İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır.
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun Prezidenti
YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri