file1336798883527.jpg
10 may 2012

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin keçirdiyi beynəlxalq konfrans başa çatıb

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursada Uludağ Universiteti ilə birgə “Enerji təhlükəsizliyi və Qafqazda regional problemlər” mövzusunda beynəlxalq konfrans təşkil etmişdir.


Konfransın ikinci günü “Qafqazda enerji təhlükəsizliyi qlobal kontekstdə: Rəqabət, yoxsa əməkdaşlıq” mövzusunda müzakirələrdə çıxış edən ABŞ-ın Alman Marşal Fondunun nümayəndəsi, professor Coşua Uolkerin məruzəsində qeyd olunmuşdur ki, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq bölgənin tərəqqsində mühüm amilə çevrilmişdir. Vaşinqton regionda olan münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyənin səylərini dəstəkləməlidir. Bunu ABŞ-ın öz mənafeləri tələb edir. Onun sözlərinə görə, regionda karbohidrogen ehtiyatlarının tranziti layihələri arxasında güclü siyasi iradə olarsa uğurla həyata keçirilə bilər. Bunun örnəyi Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin reallığa çevirdiyi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməridir.


Kanadanın Karlton Universitetinin professoru Robert Katler isə “Xəzərin enerji təhlükəsizliyi: risklər və imkanlar” mövzusunda məruzəsində vurğulamışdır ki, regionda mövcud olan münaqişələr enerji marşrutları, yeni layihələr və bölgənin tərəqqisi üçün əngəl törədir. Müstəqilliyinin 20 ilində karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması istiqamətində böyük nailiyyətlər qazanmış Azərbaycan və Qazaxıstan regionun zəngin ölkələrinə çevrilmişlər. Xüsusilə, Azərbaycan hökumətinin neft gəlirlərini insan kapitalına çevirmək, şəffaflıq təşəbbüsünə liderlik etmək, güclü infrastruktur yaratmaq siyasəti öz bəhrəsini verir. Bunun sayəsində bu gün Cənubi Qafqazın lideri olan Azərbaycan qonşu ölkələrə sərmayə yatırır, Türkiyənin və Gürcüstanın da iqtisadiyyatına töhfələr verir. Bu gün, xüsusilə Gürcüstan iqtisadiyyatının inkişafı Azərbaycanın uğurlu sərmayə siyasəti ilə bağlıdır.


Alman Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun professoru Uve Halbax çıxışında Şimali və Cənubi Qafqaz regionunda münaqişə ocaqlarından və onların enerj təhlükəsizliyinə təsirindən danışmışdır. Onun sözlərinə görə, regionda üç ölkədən biri olan Ermənistan daha çox Rusiyanın təsiri altındadır və bütün enerji layihələrindən kənarda qalmışdır. Bu vəziyyət ölkədəki sosial şəraiti də kəskinləşdirmişdir.


Sankt-Peterburq Dövlət Universitetinin professoru İrina Boyko Rusiyanın enerji siyasəti və bu məsələdə Xəzər bölgəsinin rolundan danışmışdır.


AMEA-nın birinci vtse-prezidenti Arif Həşimov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası, neft və qaz hasilatı, həyata keçirilən beynəlxalq enerji layihələri, Azərbaycanın xarici ölkələrdə enerji sektoruna yatırdığı sərmayələr barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.


Sonda Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov bütün iştirakçılara təşəkkürünü bildirmiş, konfransın məhsuldar olduğunu vurğulamışdır.



FOTO