002.JPG
11 may 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “EuroClub”da görülən işlərlə tanış olub

 Mayın 11-də Azərbaycanın birinci xanımı, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı “EuroClub”da görülən işlərlə tanış oldular.


Mehriban xanım Əliyevaya “EuroClub”da görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. “EuroClub”un məqsədi bütün “Eurovision-2012” yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçən bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçiləri “EuroClub”dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər. İştirakçılar onların ixtiyarına veriləcək bu möhtəşəm səhnədə mahnılarını ifa edib fanatları və nümayəndə heyətlərinin üzvləri ilə təmasda olacaq, həmçinin hər bir nümayəndə heyəti öz gecələrini keçirəcəklər. Hər gün “EuroClub”da musiqiçilərin və diceylərin ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou proqramlar təqdim ediləcəkdir. Bu da Bakı “EuroClub”unun özəlliklərindən biridir. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı “EuroClub”u uzun müddət “Eurovision” fanatlarının və iştirakçılarının yadında qalacaqdır. Eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da bir neçə rəsmi ziyafətin - “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulub.


“EuroClub”da görülən işlərlə yaxından tanış olan birinci xanım Mehriban Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirdi. 



FOTO

VİDEO