Həştərxan vilayətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi məqsədilə vilayətin qubernatoru A.Jilkin tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib.
Plana əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan Vilayət Administrasiyası, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi ilə birgə silsilə tədbirlər keçirilir.
Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin şagirdləri arasında Heydər Əliyevə həsr olunmuş rəsm, “Biz Heydər Əliyev irsini öyrənirik” mövzusunda inşa və məktəbdə yerləşən “Rusiya-Azərbaycan dostluğu” muzeyinin ən yaxşı bələdçisi müsabiqələrinə başlanılıb. Məktəbdə ulu öndər Heydər Əliyevə həsr olunmuş xüsusi dərslərin, “Məktəbimizi daha təmiz edək” şüarı altında dostluq iməciliyinin keçirilməsi də planlaşdırılır.
Eyni zamanda, Həştərxanın yerli telekanallarında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi, Heydər Əliyev parkında dostluq iməciliyin keçirilməsi və Heydər Əliyev adına açıq “Wi-Fi” zonasının yaradılması, “Yad övladlar olmur” şüarı altında Həştərxan şəhərinin uşaq evlərinin birində xeyriyyəçi aksiyanın, şagirdlər arasında şahmat turnirinin keçirilməsi, həmçinin Həştərxan Dövlət Universitetində “Gənclər – bizim gələcəyimiz” mövzusunda “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulur.
Mayın 15-də vilayət rəhbərliyinin, Azərbaycanın nümayəndə heyətinin, diaspor təşkilatlarımızın üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ulu öndərin Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə tər çiçək dəstələrinin qoyulması, yubiley tədbirinin keçirilməsi, yuxarıda qeyd olunmuş müxtəlif müsabiqələrin qaliblərinin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması planlaşdırılır.
Təntənəli mərasim konsert proqramı və atəşfəşanlıqla yekunlaşdırılacaq.