file1334646364573.jpg
16 aprel 2012

“Baku Crystal Hall”ın tikintisi başa çatıb

Bakıda keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi üçün inşa olunan “Baku Crystal Hall”ın tikintisi başa çatmışdır. Kompleks müsabiqənin şou tərəfdaşı olan “Brainpoll” şirkətinə təhvil verilmişdir. 


Bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov aprelin 16-da Bakıdakı “Eurovision” Mərkəzində keçirilən mətbuat konfransında bildirmişdir. Qeyd etmişdir ki, hava şəraiti ilə bağlı yaranan çətinliklərə baxmayaraq, arenanın inşası başa çatmışdır.


Anar Ələkbərov məlumat vermişdir ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi 25 min tamaşaçı tutumu olan arena gələcəkdə mötəbər idman yarışlarının, festivalların, konsertlərin təşkili üçün də istifadə olunacaqdır. Kompleksdə bir sıra yeniliklər tətbiq ediləcək, o cümlədən ilk dəfə olaraq xüsusi avadanlıq quraşdırılacaqdır.


Anar Ələkbərov demişdir ki, “Eurovision-2012” yarışmasına hazırlıqla bağlı xüsusi nəqliyyat vasitələrinin gətirilməsi, yeni uçuş xətlərinin açılması, mehmanxanaların hazırlanması, həmçinin onların qiymətinin artırılmaması məsələsinə diqqət, turist marşrutlarının təşkili ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.


Mətbuat konfransında çıxış edən “Eurovision-2012” mahnı müsabiqəsinin icraçı prodüseri Adil Kərimli Bakıda keçiriləcək şounun möhtəşəmliyinin təmin olunması üçün Heydər Əliyev Fondunun göstərdiyi böyük dəstəyi xüsusi vurğulamışdır. O, təmsil etdiyi qurumun adından müsabiqənin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.


Məlumat verilmişdir ki, şouda istifadə olunacaq bütün avadanlıqlar artıq Bakıya gətirilmişdir. Bakı şousunda 80 min işıq dioddan, 2500-dən çox proyektorun istifadə olunması nəzərdə tutulur. Bütün bunların nəticəsində may ayında tamaşaçılara səhnə dizaynı, “Green Room”, çəkiliş üslubu ilə çox fərqli, möhtəşəm şoular təqdim ediləcəkdir.


Mətbuat konfransında mahnı müsabiqəsi zamanı həyata keçiriləcək bir sıra planlar da açıqlanmışdır. Bildirilmişdir ki, Azərbaycana gələcək 42 ölkənin nümayəndə heyətlərinin hər birinə 24 saat ərzində iki nəqliyyat vasitəsi xidmət edəcəkdir. Qonaqlar üçün maraqlı mədəni proqramlar, ölkəmizin görməli yerlərinə turların təşkili nəzərdə tutulmuşdur.



FOTO

VİDEO