Untitled-1.gif
8 may 2013

Buxarestdə Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib

Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Buxarestdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçirilib.


Rumıniya Parlamentinin binasında təşkil olunan tədbirdə bu ölkənin ictimai-siyasi, mədəniyyət və elm xadimləri, senatorlar, deputatlar, aparıcı universitetlərinin professor və müəllimləri, azərbaycanlı tələbələr, türk-tatar icmasının üzvləri iştirak ediblər.


Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev ümummilli liderin zəngin və mənalı ömür yolundan, onun adını daşıyan fondun nümayəndəliyinin Rumıniyada həyata keçirdiyi humanitar, mədəni layihələrdən danışıb.


Səfir Eldar Həsənov çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub-saxlanılması, möhkəmləndirilməsi, hüquqi dünyəvi dövlət quruculuğu istiqamətindəki misilsiz xidmətlərindən, ölkəmizin dünya birliyinə, Avro-atlantik strukturlara inteqrasiyasında yürütdüyü çevik, praqmatik siyasət barədə geniş məlumat verib. Səfir Heydər Əliyev siyasi kursunun davamı kimi bu gün Azərbaycanda müasirləşmə, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mütərəqqi islahatların aparıldığını qeyd etdib.


E.Həsənov tarixi şəxsiyyətlər Şarl de Qol, Mustafa Kamal Atatürklə yanaşı Rumıniya hökuməti və parlamentinin qərarı ilə Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyini, paytaxt Buxarestdə ümummilli liderin adına park-xiyabanın salındığını, büstünün qoyulduğunu diqqətə çatdırıb.


Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru, professor Vüqar Məmmədov isə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib, Azərbaycanın zəngin tarixi, dili, mədəniyyəti, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması, ölkəmizdə elm, təhsil, mədəniyyət, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında Heydər Əliyev irsi və dövlətçilik fəlsəfəsinin müstəsna rolundan bəhs edib.


Sonda çıxış edən Rumıniyanın Azərbaycandakı ilk səfiri, hazırda Rumıniyanın Kluj şəhərində yerləşən Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya araşdırmaları İnstitutunun direktoru professor Tasin Cəmil dahi siyasi xadim və tarixi şəxsiyyət kimi Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüb. O, ölkəmizdə diplomatik missiyasını həyata keçirərkən Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, habelə dünyaya açılan xarici siyasətinin yaxından şahidi olduğunu, müşahidələrinin onun təcrübəsində dərin iz buraxdığını bildirib.


T.Cəmil Heydər Əliyevin Rumıniya-Azərbaycan tarixi dostluq əlaqələrinin inkişafına verdiyi xüsusi töhfəni vurğulayaraq, Qara dəniz Xəzər dənizi regionlarının yaxınlaşması, tarixi İpək Yolunun bərpası kimi birgə layihələrin reallaşdırılması, xalqlarımız arasında mədəni körpülərin yaradılmasında əməli səylərinin uğurlarına toxunub. Dövlətlərimizin başçıları, sabiq prezidentlər İon İliesku, Emil Konstantinesku və Heydər Əliyev arasında səmimi dostluq münasibətlərinin ənənə halını aldığı, bu dustluğun Prezidentlər Trayan Basesku və İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi, bu amilin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindəki rolu vurğulayıb.


Rəsmi hissəsə başa çatdıqdan sonra ulu öndərin həyat və fəaliyyəti barədə Heydər Əliyev Fondunun hazırladığı sənədli film nümayiş etdirilib, iştirakçılar Heydər Əliyev Mərkəzinin hazırladığı “Heydər Əliyev 90: həyatın 90 anı” fotosərgisi ilə tanış olublar.


Tədbir Rumıniya mətbuatında geniş işıqlandırılıb.


VİDEO