Liviyanın “Libya əl-Əxbariyyə” qəzetinin ictimai əlavəsinin 2013-cü il 4 iyun tarixli 1-ci nömrəsində “Heydər Əliyev Fondu: təhsil və səhiyyə sahəsində müxtəlif layihələr” başlıqlı məqalə dərc olunub.
Məqalədə Fondunun ümummilli lider Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsinin öyrənilməsi və yayılması, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradıldığı qeyd edilib.
Məqalədə 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial sahələrdə, həmçinin Azərbaycanın xaricdə dəstəklənməsinə, onun mədəni irsinin qorunmasına yönəlmiş digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi vurğulanıb.
“Libya əl-Əxbariyyə” qəzetinin redaksiyası ilə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında silsilə məqalələrin dərc olunması razılaşdırılıb.